Hər iki elektromobil bir sıra təkmilləşdirmələri əldə ediblər: mühərriklər daha güclü olub (baza versiyasından başqa), multimedia sistemi isə, artıq daha böyük ekrana malikdir. Təkmilləşdirmələr rəqəmsal cihazlar panelinə və proyeksiya displeyinə də təsir göstərib. Hərəkət rejimlərinin açarının yerinə də yenidən baxılıb - o, sükan qoluna köçürülüb. Bununla belə, ID.4 və ID.5 modelləri zahirən dəyişməyiblər.
Bundan sonra arxa ötürməli ID.4 və ID.5 modelləri 204 at qüvvəli mühərriki əvəz edən 286 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gələcəklər. Mühərrikin fırlanma anı da 310-dan 545 Nm-ə qədər artırılıb. Tamötürməli modifikasiyaların hasilatı əvvəlki 265-dən eyni 286 at qüvvəsinə qədər artırılıb.
“Bərkgedən” GTX versiyaları da güc artımını əldə ediblər: indi “bərkgedən” krossoverlər 299 əvəzinə 340 at qüvvəsinə malikdirlər. Müvafiq olaraq, elektromobillər 100 km/saat həddini daha yeyin - 5,4 saniyəyə yığırlar.
Sürət məhdudlaşdırıcısının işə düşmə həddini 180 km/saata (əvvəllər – 160 km/saat) çəkiblər. Güc xarakteristikaları əvvəlki səviyyədə qalan yeganə krossover baza versiyasıdır - onun güc qurğusu əvvəlki kimi 170 at qüvvəsi hasil edir. Baza krossoverlərinin maksimal sürəti 160 km/saatdır.
Batareyalar da təkmilləşdiriliblər. 77 kilovatlıq batareyaya malik olan ID.4 modelinin yürüş ehtiyatı 533-dən 550 kilometrə, ID.5 modelinin isə 545-dən 556 kilometrə qədər artıb. Bundan əlavə, tam ötürməli elektromobillər üçün maksimum şarj gücü indi 175 kilovatdır. Arxa ötürməli versiyalar 135 kilovat gücündə terminallardan yararlana bilərlər.
Multimedia sisteminə gəlincə, yenilənmə ilə birlikdə onun ekranının diaqonalı 12,9 düymədək artıb, qrafika və reaksiya təkmilləşdirilib, səs köməkçisi isə əmrləri daha yaxşı anlamağa başlayıb. Avadanlıq siyahısına 10 dinamikli Harman Kardon premium səs sistemi daxil edilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.