Volkswagen 2018-ci ilin ID.Vizzion konseptinin seriyaya yaxın versiyasını nümayiş etdirib. ID.Aero adlanan elektrik sedanı 2023-cü ildə konveyerə çıxacaq, aşağı aerodinamik müqavimət əmsalı olan axıntılı kuzovu əldə edəcək və 600 kilometrdən çox yürüş ehtiyatına malik olacaqdır. Avtomobilin xüsusiyyətlərindən biri də ənənəvi qapı tutacaqlarının olmamasıdır. İlkin məlumata görə, avtomobilin əmtəə versiyası Volkswagen ID.7 adlandırıla bilər.
ID xəttindən olan bütün elektromobillər kimi, ID. Aero konsepti də MEB platformasına əsaslanır. Elektrik sedanının 77 kilovat-saatlıq batareyaya, Cd=0,23 aerodinamik müqavimət əmsalına malik olacağı, habelə dolu batareya ilə 600 kilometrdən çox məsafə qət edə biləcəyi açıqlanıb.
Sedanın dizaynı 2018-ci ilin ID. Vizzion konseptinin dizayn üslubunun təkamülüdür, lakin kütləvi istehsal üçün dizaynda bir sıra düzəlişlər ediləcəkdir.
Volkswagen markasının ilk elektrik sedanı parlaq qara dam ilə kontrast təşkil edən açıq mavi metallik rəngə boyanıb. Boyanın tərkibində olan piqment müəyyən işıqlandırma altında qızılı parıltı yaradır. Ön və arxa tərəfdə isə, artıq ənənəyə çevrilmiş “pətək” motivi var.
Adi qapı tutacaqlarının əvəzinə toxunuşa həssas işıqlandırılan zolaqlar var. Doğrudur, sensorlu tutacaqların seriya elektromobilinə keçib-keçməyəcəyi hələlik aydın deyil.
Volkswagen ID.Aero modelinin Çin versiyası 2023-cü ilin ikinci yarısında konveyerə çıxmalıdır. Həmin il Almaniyanın Emden şəhərindəki zavodda Avropa spesifikasiyasında olan avtomobillərin istehsalına başlanılacaqdır. Göründüyü kimi, beş metrlik sedan ID-ailəsinin flaqmanı olmağı hədəfləyir və ID.7 indeksini ala bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.