Volkswagen şirkəti ID.Buzz elektrik miniveni və ID. Buzz Cargo elektrik furqonunun planlaşdırılmış yeniləməsini həyata keçirib. 2022-ci ildə satışa çıxarılan model, eksteryer dizaynını qoruyub saxlasa da, bir qədər yenilənmiş interyerə və genişləndirilmiş avadanlıq siyahısına sahib olub. Minivenin satış göstəriciləri məyusedicidir: ID. Buzz Avropada sabit tələbata malik olsa da, bahalı elektromobil ABŞ-da faktiki olaraq uğursuzluqla üzləşib. 2025-ci ildə burada yeddi mindən az miniven satılıb.
Yenilənmiş minivendə baş verimiş əsas dəyişiklik, bir müddət bundan əvvəl təqdim olunmuş Volkswagen ID.3 Neo hetçbekində debüt edən Innovision məlumat-əyləncə sistemidir. Bu sistem daha rahat interfeysə və App Store tətbiqlər mağazasına girişə malikdir. Məlumat-əyləncə sistemi indi fiziki düymələri olan yeni üçqollu sükan vasitəsilə idarə edilir. Qalan cəhətdən, interyer demək olar ki, dəyişməz qalıb: ön paneldəki geniş deflektrolar xətti, cihazlar panelinin yığcam ekranı, iqlimə nəzarət sisteminin sensorlu idarələnməsi olan böyük mərkəzi displey və opsional kombinasiyalı tərtibat. Cargo versiyasının daxili dizaynı ənənəvi olaraq daha utilitardır.
Yenilənmə həmçinin modelə bir sıra yeni opsiyaları gətirib. Məsələn, standart təkər bazasına malik olan miniven artıq üçüncü oturacaq cərgəsi ilə təchiz edilə bilər. Rekuperasiya sistemi “tək pedal” rejimində hərəkət etməyə imkan verir, Connected Travel Assist sistemi isə, artıq işıqforların siqnallarını tanıya bilir. Bundan əlavə, xarici cihazları qidalandırma funksiyası peyda olub — sistem 2 kilovata qədər güc ötürməyə qadirdir. Kuzov rəng palitrasına klassik Volkswagen T1 modelini xatırladan ağ-albalı rəngində boyama sxemi əlavə edilib.
Volkswagen həmçinin təchizat xəttini də genişləndirib. ID. Buzz artıq təchizatına görə yalnız “qaynar” GTX 4Motion modelindən geri qalan Pro 4Motion versiyasında əlçatandır. Yeni versiya həm qısa, həm də uzun təkər bazası ilə mövcuddur və ümumi gücü 340 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz edilir. Versiyadan asılı olaraq, 79 kilovat/saatlıq (428 kilometrə qədər gediş ehtiyatı) və ya 86 kilovat/saatlıq (476 kilometrə qədər) təşkil edir. 100 km/saat həddinə sürətlənmə 6,1–6,4 saniyə çəkir, yedəyə alınan qoşqunun maksimal çəkisi 1800 və ya 1600 kiloqram təşkil edır.
Yenilənmiş Volkswagen ID. Buzz və ID. Buzz Cargo modellərinin Avropadakı satışlarına bu yay başlanmalıdır. Yenilənmiş modellərin qiyməti artıq açıqlanıb. Almaniyada Pro 4Motion versiyasının qiyməti kuzovun uzunluğundan asılı olaraq 60.820 və ya 62.647 avro təşkil edir. Baza ID. Buzz Cargo Pure versiyasının qiyməti 48.367 avrodan, ən yüksək səviyyəli uzunbazalı ID. Buzz GTX 4Motion minivenin isə, 70.049 avrodan başlayır.
Qeyd etmək lazımdır ki, 2026-cı ilin yenilənmiş miniveninin ABŞ bazarında satılmayacağı bildirilib: o, tələbatın azalması səbəbindən model xəttindən çıxarılacaq. Bununla belə, elektromobilin daha geniş modernləşdirmədən sonra, 2027-ci ilin modeli kimi geri dönməsi mümkündür.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









