Ötən ilin sentyabr ayında Volkswagen rəsmi olaraq elektromobillərin adlandırma strategiyasına yenidən baxılacağını elan edib. ID işarələnməsi qalacaq, lakin rəqəmli indekslər əvəzinə tanış və ənənəvi adlardan istifadə ediləcək. Yeni dalğanın ilk modeli çoxdan gözlənilən Volkswagen ID. Polo xalq elektrokarıdır.
Xatırladaq ki, bu modelin carçısı üç il əvvəl nümayiş etdirilmiş ID. 2All konsepti olub. Maraqlıdır ki, Polo elektrokarının əsas rəqibi iki il əvvəl işıq üzü görən və eyni zamanda nostaljik addan və görünüşdən geniş istifadə edən əlçatan Renault 5 hetçbek olacaq.
Əlçatan elektrik hetçbekinin dizaynı artıq heç kimə sirr deyil, çünki o əsasən ID. 2All şou avtomobilinin görünüşünü təkrarlayır. Andreas Mindtin müəllifi olduğu ən son Pure Positive üslubunda dizayna malik olan elektrokarda Volkswagen özünü açıq-aydın biruzə verir: ön üzlük və xarakterik arxa dayaqlar demək olar ki, kütləvi istehsal olunan Golf modelini xatırladır.
Yeni elektrokarın qeyri-adi cəhəti arxa qapının gizli tutacaqlarıdır. Gələcəkdə Pure Positive dizayn üslubu alman markasının bütün yeni modellərində tətbiq ediləcək. Elektromobilin uzunluğu 4053 millimetr, eni - 1816 millimetr, hündürlüyü - 1530 millimetr, təkər bazası isə, 2600 millimetrdir.
Cihazlar panelinin 10 düymlük və Innovision media sisteminin 13 düymlük ayrı displeyləri olan müasir salon arxitekturasına baxmayaraq, ID. Polo modelinin interyerində bəzi tarixi istinadlar var. Məsələn, yuxarıda qeyd olunan displeylər yenilənmiş birinci nəsil Golf cihazlar panelinin üslubunda retroqrafikaya malikdirlər.
İnteryer tərtibatında parça və firma Volkswagen loqotiplərinin bolluca istifadə olunur. Salonda sükan və mərkəzi konsolda yerləşən çoxsaylı fiziki düymələr, qapı panellərində isə, elektrik şüşəqaldıranların tam düymələr dəsti mövcuddur.
Opsiyalar siyahısında 10 dinamikli 425 vattlıq Harman Kardon audio sistemi, panoram dam, üç rejimli pnevmatik masaj funksiyasına malik olan elektrikli ön oturacaqlar, yaddaşlı sürücü oturacağı və avtopilot sistemin əsas elementlərinə sahib olan qabaqcıl Travel Assist kruiz-kontrolu var.
Daxiliyanma mühərrikli Polo hetçbeki ilə müqayisə edilən ölçülərə malik olan elektrokar daha geniş və daha tutumlu alınıb. Arxa cərgədəki məkan ehtiyatı bütün istiqamətlər üzrə 19 millimetr artıb.
Baqaj həcmi 25% artaraq 351-dən 441 litrə çatıb, arxa oturacaqlar qatlandıqda isə, bu həcm 1243 litrə (cari Polo hetçbekindəki 1125 litrə qarşı) qədər artır. Bu əhəmiyyətli artım, modernləşdirilmiş və sadələşdirilmiş MEB+ platformasına keçid və arxa elektrik mühərrikindən imtina nəticəsində əldə edilən daha geniş döşəməaltı bölmə sayəsində mümkün olub.
Aprelin əvvəlində işıq üzü görən Cupra Raval hetçbeki, xüsusi olaraq büdcə elektromobilləri üçün hazırlanmış ön ötürməli platformada inşa edilən ilk avtomobil olub. MEB+ ilə standart MEB platforması arasındakı əsas fərq, ön oxda quraşdırılan elektrik mühərriki və müstəqil arxa asqı əvəzinə sadə tir olan quruluşudur.
Volkswagen ID. Polo hetçbekinin APP 290 adlandırılan yeni elektrik mühərriki ilə təchiz olunacağı elan edilib. O, üç hasilat səviyyəsinə malikdir: 116, 135 və 211 at qvvəsi. 116 və 135 at qüvvəli modifikasiyalar 90 kilovata qədər sürətli şarj gücüünə malik olan 37 kilovat/saatlıq litium-dəmir fosfat batareyası ilə təchiz ediləcəklər.
Belə modifikasiyaların gediş ehtiyatı 329 kilometrdir, batareyanın 10%-dən 80%-ə qədər doldurulması təxminən 23 dəqiqə çəkir. Ən yüksək səviyyəli modifikasiyalar 454 kilometrə qədər gediş məsafəsini təmin edən və 130 kilovata qədər şarj gücünə malik olan 52 kilovat/saatlıq nikel-manqan-kobalt batareyası ilə təchiz edilirlər.
Belə batareyanın 10%-dən 80%-ə qədər doldurulması 24 dəqiqə çəkir. Əlavə xüsusiyyətlər arasında tək pedalla idarəetmə rejimi, 3,6 kilovata qədər gücü olan xarici istehlakçıların qidalandırılması və 1200 kiloqrama qədər çəkisi olan qoşqunun yedəyə alınması var.
Gələn il 226 at qüvvəli elektrik mühərriki və idman tənzimlənmələrinə malik olan asqı ilə təchiz olunan “qaynar” ID. Polo GTI versiyası debüt etməlidir.
Volkswagen şirkətinin büdcə elektromobilləri ailəsi Renault 4 krossoverinə meydan oxuyacaq ID.Cross və Skoda Epiq krossoverləri ilə genişləndiriləcək. Volkswagen ID. Polo hetçbekini artıq sifariş etmək mümkündür.
Ən güclü mühərrik və ən tutumlu batareyaya malik olan orta səviyyəli modelin Almaniyadakı qiymətləri 33.795 avrodan başlayır. Reklam qiyməti 24.995 avro olan baza hetçbeklərinə öncədən sifarişi yayda rəsmiləşdirmək mümkün olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









