Volkswagen şirkəti T-Roc modelinin bazasında crossover-kabriolet buraxacağını təsdiq edib. Yeni kross-kabrioletin istehsalına 2020-ci ilin ilk yarısında alman istehsalçısının Osnabryükkedəki zavodunda başlanacaqdır. Volkswagen şirkəti bu zavoda 80 milyon avro sərmayə qoymağı planlaşdırır.
Alman markasının baş icraçı direktoru Herbert Diessin sözlərinə görə, Volkswagen markası krossoverlərlə assosiasiya edilir və bu səbəbdən də təklif olunan model xəttinə “emosional avtomobilin” əlavə edilməsi məntiqi addımdır. 2020-ci ilə istehsalçı təklif edilən krossoverlərin sayını 20 ədədə, onları satış həcmindəki xüsusi çəkisini isə 40 faizə çatdırmağı planlaşdırır. Yeni modelin istehsalı üçün ayrılmış 80 milyon avroluq sərmayə Osnabryükkedəki zavodun modernləşdirilməsinə, həmçinin logistikanın optimallaşdırılmasına yönəldiləcəkdir.
Kross-kabrioletin planlaşdırılan istehsal həcmi ildə 20 min avtomobilin buraxılmasını nəzərdə tutur.
Xatırladaq ki, yumşaq tavan ilə təchiz edilmiş T-Cross Breeze konseptual krossoveri 2016-cı ildə Cenevrə avtosalonunda nümayiş etdirilib. Konsept 110 at qüvvəsi və 175 Nm fırlanma anı hasil edən 1,0-litrlik üç silindrli mühərriklə təchiz edilmişdir. Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış transmissiya ilə tandemdə çalışırdı.