Volkswagen şirkəti Taigo adlı yeni yığcam kupe-krossoverinin ilk eskizlərini dərc edib. Latın Amerikası üçün nəzərdə tutulmuş Nivus modelinə əsaslanan yeni krossover 2021-ci ilin sonuna qədər Avropa bazarında satışa çıxmalıdır.
Qisa təsvirə və eskizinə əsasən, Volkswagen Taigo modeli Avropa bazarı üçün uyğunlaşdırılmış Nivus krossoverindən başqa bir şey deyil. “Dinamik və emosional dizaynı” olan krossover standart olaraq LED fənərlər ilə təchiz ediləcək, habelə tamamilə “rəqəmsal kokpitə” və elektron köməkçilər kompleksinə malik olacaqdır. Yeni krossoverin mühərrik çeşidinə yalnız qənaətcil TSI benzin turbomühərrikləri daxil ediləcəkdir. Çox güman ki, onların hamısı üçsilindrli olacaqdır. Taigo modeli İspaniyanın Pamplona şəhərindəki Volkswagen zavodunda buraxılacaqdır.
Nivus modeli kimi, Taigo krossoveri də, Polo və T-Cross modellərinin inşasında istifadə olunan sadələşdirilmiş MQB-A0 modul platformasına əsaslanacaqdır. Buna görə də, krossover yalnız ön ötürmə ilə təklif ediləcəkdir. Ancaq standart avadanlıq dəsti fərqli ola bilər. Volkswagen Nivus modelinin baza təchizatına disk əyləcləri, XDS differensialının kilidinin elektron təqlidi və altı hava yastığı daxildır. Əlavə ödəniş ilə adaptiv kruiz-kontrolu, təcili əyləcləmə və sürücünün vəziyyətinin izlənməsi sistemlərini, habelə arxa görüntü kamerasını sifariş etmək olar.
Nivus modelinin salonunda xüsusi olaraq Braziliya bazarı üçün hazırlanmış sensorlu ekranı olan yeni Volkswagen Play multimedia sistemi var. Mediasistemi rəqəmsal Active Info Display cihazlar paneli ilə ümumi klasterdə birləşdirərək, iki 10-düymlük ekrandan ibarət olan "virtual kokpit" yaratmaq mümkündür. Kompleks firma tətbiqləri mağazasına və onlayn xidmətlərə çıxışı təklif edir. Volkswagen Taigo modeli barədə ətraflı məlumat yayda keçiriləcək təqdimat öncəsi açıqlanacaqdır.