Volkswagen yeni qalmaqalla üzləşə bilər. Bu dəfə alman şirkətini ümumi istifadə yollarında istismarına icazə verilməyən avtomobilləri qeyri-qanuni şəkildə Avropa və ABŞ-dakı müştərilərə satmaqda ittiham edirlər. Söhbət, məhv edilməli olan seriyaöncəsi prototiplərdən gedir.

Der Spiegel nəşrinin məlumatına əsasən, 2006-cı ildən 2018-ci ilə qədər Volkswagen şirkəti müştərilərə 6700 ədəd belə avtomobili satıb. Digər alman nəşri Handelsblatt isə, daxili sənədlərə əsaslanaraq, «qeyri-müəyyən statusa» malik olan 17 min avtomobilin satıldığını iddia edir. Alman şirkəti hətta bu avtomobillərin bir hissəsini leqallaşdırmaq imkanına da malik olub - bunun üçün həmin avtomobillərin seriya variantlarından fərqini sənədləşmək və sertifikatlaşdırmaq gərək idi.

Hazırda istehsalçı yeni geriçağırma kampaniyasını elan etmək məcburiyyətindədir ki, bu da markanın nüfuzuna vurulacaq yeni ciddi zərbə olacaqdır. Almaniya hökuməti Volkswagen hərəkətlərini qeyri-qanuni hesab edir və nəqliyyat nazirliyi ilə birlikdə şirkətə qarşı cərimələrin tətbiq edilməsi məsələsini müzakirə edəcəkdir. 

Hüquq məsələləri üzrə ekspertlər isə, alman şirkətinə yeni iddialara qarşı hazırlaşmağı məsləhət görürlər. Səbəb isə, alınan avtomobillərin faktiki olaraq istehsalçı tərəfindən bəyan edilmiş meyarlara uyğun gəlmədikləridir. Bir sıra avtomobillərdə bu fərq proqram təminatına aid olsa da, digərlərində isə təhlükəsizlik ilə əlaqəli olan quruluş xüsusiyyətləri ilə nəticələnib.

Volkswagen şirkətinin bu hərəkəti nəinki yerli istehsalçılar olan Opel və Mercedes-Benz şirkətlərinin, həmçinin marka dilerlərinin də narazılığına səbəb olub - onlar öz hesablarına müştərilərinə kompensasiya ödəmək məcburiyyətindədirlər. 

Yeni qalmaqal dizelgeytdən sonra nüfuzunu bərpa etmək istəyən alman şirkəti üçün mənfi nəticələrə gətirib çıxara bilər. Üstəlik, alman  KİV-ləri konsernin hazırki rəhbəri Herbert Disin bu işlərdən xəbəri olduğunu da hesab edirlər.

Mənbə: Motor.ru