Volkswagen yalnız avtomobil və avtomobil hissələri istehsal etmir. Hələ 1973-cü ildə alman şirkəti əvvəlcə yalnız zavod yeməkxanalarını təmin etmək üçün nəzərdə tutulmuş sosislərin istehsalına başlayıb. Lakin illər keçdikcə Volkswagen Currywurst sosisləri xalq arasında populyarlıq qazanıb və Volfsburqdakı bəzi mağazalarda və stadionlarda satılmağa başlayıb, 2007-ci ildə isə, sərbəst satışa çıxıb.
Sosislərin avtomobil hissələri kimi rəsmi kataloq nömrəsi (199 398 500 A) var və hazırda o, şirkətin ən populyar məhsuludur: 2024-cü ildə 8,6 milyon bağlama Currywurst sosisi satılıb. Müqayisə üçün keçən il alman istehsalçısı 5,2 milyon Volkswagen avtomobili satıb.

Kulinariya məhsulunun uğurunu möhkəmləndirmək üçün, Volkswagen sosislərin yeni versiyasını təqdim edib. “Currywurst mit Ketchup” adlanan paketdə ketçup əsaslı sousda olan dilimlənmiş sosislər var (Volkswagen öz ketçupunu da istehsal edir).
Yenilənmiş Volkswagen Currywurst məhsulunun baş tərtibatçısı Ditmar Şulz dəqiq hesablanmış miqdarda karrinin artıq sosis və ketçupun tərkibində olduğunu xüsusilə vurğulayır. Beləliklə, əlavə inqrediyentlər tələb olunmur: yeməyi yalnız mikrodalğalı sobada qızdırmaq lazımdır.
Avtomobil istehsalçısı yeni Volkswagen Currywurst sosisləri ilə hazır qida bazarında rəqiblərini ciddi şəkildə sıxışdırmağa hazırlaşır. Artıq Almaniyanın iki böyük pərakəndə satış şəbəkəsi (Edeka və Netto) ilə müqavilələr bağlanıb.
Ketçupdakı sosislərin satışına bu ay başlanacaq. İlkin olaraq yeni məhsul Almaniyanın şimal və şərq vilayətlərində sonra isə, bütün ölkə üzrə satışa çıxarılacaq. Hazırda qida məhsulları Volkswagen şirkətinə hər il milyonlarla qazanc gətirir və yeni tez hazırlanan məhsulun satışa çıxması ilə daha da artmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.