Volkswagen şirkətinin rəhbərliyi həmkarlar təşkilatları ilə birlikdə Skoda tərəfindən rəqabətin qarşısını almaq üçün tədbirlər planı hazırlamaq niyyətindədir. Variantlardan biri çex markasının istehsalının bir hissəsinin Almaniyaya köçürülməsi və qrupun texnologiyalarından istifadəyə görə haqqın artırılmasıdır. Bu barədə xəbəri öz mənbələrinə istinadən Reuters agentliyi yayıb.
Volkswagen rəhbərliyinin narazılığının səbəbi Şkoda markasının gəlirliyinin (çexlərin əməliyyat gəliri 1,2 milyard avroya çatıb) artması, mətbuatda çex avtomobilləri haqqında müsbət rəyin olması və iki marka arasında rəqabətin güclənməsidir.
Hazırda alman istehsalçısı “dizelgeytin” nəticələrindən əziyyət çəkir. Konsern xərcləri azaltmaq, iş yerlərini ixtisar etmək və alman zavodlarının maliyyələşdirməsini kəsmək məcburiyyətindədir. Volkswagen rəhbərliyi “alman texnologiyalarının ucuz işçi qüvvəsi ilə vəhdətinin” ədalətsiz rəqabət üstünlüyü təmin etdiyini bildirir və bu halla, Şkoda avtomobillərində istifadə edilən MQB modul platformasına görə haqqı artıraraq mübarizə aparmaq fikrindədir.
Çexiyanın baş naziri Boquslav Sobotka jurnalistlərə müsahibəsində, Şkoda rəhbərliyi ilə görüşərərk bu məsələyə aydınlıq gətirmək fikrində olduğunu bildirib. Siyasətçi istehsalın ölkədən xaricə köçürülməsinə yol verməyəcəyini də bildirib.
Bu baş verərsə, Şkoda şirkəti iki minə yaxın iş yerini ixtisara salmalı olacaqdır.