Bu yaxınlarda Volkswagen şirkəti özünün model xəttində ən yığcam krossover olan T-Cross modelini təqdim edibdir. MQB A0 modul platformasında inşa edilən avtomobilin qabarit uzunluğu 4107 millimetr, eni - 1750 millimetr, hündürlüyü isə 1558 millimetrdir. Krossoverin təkər bazası isə 2563 millimetr təşkil edir.
Krossover 95 və 115 at qüvvəsi hasil edən iki 1,0-litrlik üç silindrli benzin turbomühərrikləri ilə təklif edilir. 115 at qüvvəli krossover 100 km/saat həddinə 9,9 saniyəyə sürətlənir və 183 km/saatlıq maksimal sürət həddinə malikdir. T-Cross modelinin mühərrik çeşidinə 150 at qüvvəsi təklif edən və silindrlərinin yarısı söndürülə bilən 1,5-litrlik dörd silindrli mühərrik də daxil edilibdir. Bu mühərrik yalnız DSG robotu ilə təchiz edilir. Tandem krossoveri 100 km/saat həddinə 7,8 saniyəyə sürətləndirir. Maksimal sürət - 220 km/saatdır.
Söhbət, əlbəttə ki, bunda deyil. Bir anlıq təsəvvür edin ki, alman istehsalçısı T-Cross modelinin "qaynar" GTI modifikasiyasını təklif edir - hərçənd, unun baş vermə şansları sıfıra bərabərdir. Lakin, X-Tomi Design render hazırlayaraq T-Cross GTI modelini xəyalımızda canlandırmağa yardım edib. Dizaynerlər krossoveri Polo GTI modelinin aerodinamik kuzov dəsti və təkər diskləri ilə təchiz edərək yığcam ona aqressiv görkəm bəxş ediblər. Üstəlik, onlar avtomobilin klirensini də azaldıblar. Fikrimcə, pis də alınmayıb...
Eyni zamanda, dizaynerlər T-Cross modelinin ikiqapılı, R-versiyasını, kabriolet və pikap variantlarını hazırlayıblar.