Volkswagen şirkəti 2017-ci ildə Avropa bazarına Tiguan krossoverinin kiçik qardaşını – Golf modelinin bazasında inşa edilmiş yığcam T-Roc krossoverini çıxarıb. Almanların təxminlərinin doğru olduğu ortaya çıxıb: T-Roc artıq bir neçə ildir ki, ardıcıl olaraq Avropanın ən populyar Volkswagen avtomobili titulunu qoruyub saxlayır. Məsələn, ötən il yığcam krossover 188 min ədəd satılıb ki, bu da Avropadakı bestsellerlərin reytinqindəki dördüncü yer deməkdir. Bu il Volkswagen T-Roc ikinci nəslinə qədəm qoyacaq və artıq yeni model haqqında ilk məlumatlar peyda olub.

Ümumiyyətlə, ikinci nəsildən olan krossoverin görünüşü artıq çoxdan sirr deyil, çünki casuslar onu yol sınaqları zamanı çəkə biliblər. Sıx kamuflyajın yoxluğuna baxmayaraq, sınaqçılar işıqlandırma avadanlığı, radiator barmaqlığı və bamperlərin dizaynını məharətlə gizlətməyə müvəffəq olublar. İndi isə, internetdə krossoverin kamuflyajsız şəkilləri peyda olub. Bu şəkillər bort media sisteminin menyusundan “sızdırılıb”, ona görə də müəyyən dərəcədə rəsmi sayıla bilər.

Yeni krossoverin ön hissəsi brendin yeni modellərinin – onun böyük qardaşları Tiguan və Tayron krossoverlərinin üslubunda tərtib edilib. T-Roc LED zolağı ilə birləşdirilmiş nazik faralara və aşağı salınmış radiator barmaqlığına malikdir. Arxa tərəfdə isə, dəbli monofənər və diffuzorun gümüşü imitasiyası quraşdırılıb. Lakin yan tərəflər üslubun davamlılığını qoruyub saxlayıblar: arxa dirəyin üzgəci və təbii tutuşlu rahat qapı dəstəkləri yerindədirlər. Bununla belə, başqa nisbətlər və artmış ölçülər sayəsində krossoverin profili daha iti alınıb. Xatırladaq ki, hazırkı modelin uzunluğu 4236 millimetrdir.

Image alt Image alt Image alt

Əlbəttə ki, hələlik interyerin şəkilləri və ya texniki hissə ilə bağlı təfərrüatlar dərc edilməyib. Bununla belə, krossoverin şassi və güc aqreqatlarını Golf modeli ilə bölüşəcəyi aydındır. Bu isə, təkmilləşdirilmiş MQB Evo platforması, 1.5 TSI və ya 2.0 TDI turbomühərrikləri, mexaniki ötürmələr qutusu və ya DSG “robotu”, ön və ya tam ötürmə deməkdir. Golf modelindən sonra, çox güman ki, Volkswagen T-Roc da plagin hibdirdlər də daxil olmaqla, müxtəlif hibrid modifikasiyaları alacaq. Lakin artıq çeşiddə kross-kabriolet olmayacaq, çünki hətta onun buraxıldığı Osnabrükdəki zavodun gələcək taleyi məlum deyil. İkinci nəsil Volkswagen T-Roc krossoverinin rəsmi təqdimatının yaya yaxın baş tutacağı gözlənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.