Volkswagen şirkəti T-Roc krossoverinin növbəti tizerini yayıb. Bir müddət bundan öncə alman istehsalçısı krossoverin təsvir olunduğu sketçləri də dərc etmişdir.
Yayılan yeni çarxda seriya krossoverinin işıq texnikası və interyerinin bir hissəsi aydın görünür. Alman istehsalçısının model xəttində Tiguan krossoverindən bir pillə aşağıda qərarlaşacaq avtomobilin qabarit uzunluğu 4231 millimetr təşkil edəcəkdir. Onun hündürlüyü isə 1546 millimetr olacaqdır.
Krossover iki rəngli kuzova, eksteryerin rənglindəki ön panelə, rəqəmsal cihazlar panelinə və işıqdiodlarından fənərlərə sahib olacaqdır. VW T-Roc modeli İbiza və Polo modellərinin istehsalında istifadə olunan MQB modul platformasında yığılacaqdır. Volkswagen T-Roc krossoveri Nissan Juke, Mazda CX-3, Renault Captur və Jeep Renegade modelləri ilə rəqabət aparacaqdır.
Xatırladaq ki, VW T-roc modelinin seriyaöncəsi variantı 2014-cü ildə Cenevrə avtosalonunda debüt etmişdi. Volkswagen şirkəti model xəttində olan ən kiçik krossoveri 23 avqust tarixində təqdim edəcəkdir. Modelin kütləvi təqdimatı isə, Frankfurtda baş tutacaqdır.