Los-Anjelesdə keçirilmiş İstehlak elektronikası sərgisində (Consumer Electronics Show) nümayiş etdirilmiş VW Budd-e konsepti bizlərə əfsanəvi T1 modelinin dirçəlişinin gerçəkləşməsi ümidlərini bəxş etmişdir. Vaxti ilə Volfsburqda istehsal edilən bu avtomobil bütün dünyada populyar və sevilən avtomobillərdən biri olmuşdur. Yeni Microbus’un yaradılması üçün müasir Volkswagen T6 modelinin platformasından istifadə etməyi təklif edənlərdən biri də Budapeştdəki MOME Moholy-Nage incəsənət və dizayn universitetinin məzunu olan Deyvid Obendorferdir.
Deyvid Obendorfer son yeddi ildə Officina Italiana Design şirkətində dəniz yaxtalarının dizayn edilməsi ilə məşğuldur. Lakin Deyvid, boş vaxtlarında köhnə hobbisi olan klassik avtomobillərin müasir variantlarının dizayn edilməsi üzərində də çalışmağı sevir.
Dizayner əvvəllər Renault 4 Ever, Fiat 600, BMW GS Vintage və Fiat 124 modellərinin yeni üslubda dizayn edilməsini təklif etmişdi. Yeri gəlmişkən, dizaynerin təklif etdiyi Fiat 124 modelinin layihəsi itqlyan konserninin başçısı olmuş Canni Anyellinin nəvəsi Lapo Elkannın diqqətini cəlb etmişdir.
Bu dəfə dizayner ictimayyətin diqqətinə VW T1 Revival Concept (ingilis dilindən tərcümədə Revival «Dirçəliş» deməkdir) layihəsini təqdim etmişdir. Obendorferin təklif etdiyi layihə, VW tərəfindən 2011-ci ildə Cenevrədə təqdim edilmiş Bulli Microbus konsepti ilə müqayisədə klassik T1 modelinə daha yaxın görünür.
Dizaynerin dediyinə görə, onun təqdim etdiyi T1 Revival modeli yeni T6 modelinin uzadılmış bazasında hazırlanmışdır ki, bu da onun istehsal edilməsini daha asan və real edir.
«T1 Revival konsepti Volkswagen’in ilk kommersiya avtomobilinə olan ehtiramın bariz nümunəsidir, Bu konsept mövcud olan T6 modelinin bazasının 7 santimetr uzadılmış bazasında yaradılmışdır - deyən Obendorfer davam edmişdir.- Konsept orijinal modelə bənzərlik daşısa da 65 il əvvəl yaradılmış T1 modelinin formalarının təqlid edilməsinə yönəldilməmişdir.
Daha doğrusu, bu konsept klassik modelin unikal fərdiliyinin - hamar xəttlərinin, yuvarlaq künclərinin, yumru fənərlərinin, xrom detallların və ikirəngli kuzovunun müasir dizayn dilinə «tərcuməsidir»».
Dizayner eyni fəlsəfəni konseptin iç məkanının yaradılması zamanı da tətbiq etmişdir. Diqqət yetirsəniz T1 Revival modelinin müasir interyeri klassik modelin sadə və lakonik interyer xəttlərini xatırladır. «Iç məkanın tərtibatı müasir texnologiyaların və parlaq elementləri avtomobilin kuzovu ilə eyni rəngə boyanan klassik ön panelin xəttlərinin vəhdətini təşkil edir. Bu cizgilər hətta, müasir VW Beetle avtomobilinin interyeri ilə də bənzərlik daşıyır. - söyləyən Obendorfer - Cihazlar panelinin mərkəzində yerləşdirilən havalandırma deflektorlarının forması orijinal T1 modelinə ehtiramın göstəricisidir. Xrom qapı dəstəkləri və oturacaqların dizaynı sərnişinlərə keçmışə toxunmaq şansı verir» - deyərək qeyd etmişdir.