Volkswagen şirkəti Transporter furqonunun yeni nəslinə olan marağı artırmağa davam edir. Bu dəfə istehsalçı qısa videoçarxı dərc edərək, minivenin salonunun fərqli quruluşu barədə məlumat verib. Eyni zamanda, minivenin avadanlıq siyahısına panoram damın daxil edildiyi bildirib.

Volkswagen şirkəti, 1985-ci ildə debüt etmiş T3 modelindən başlayaraq, öz minivenlərıni transformasiya olunan salonla təklif edir. Məsələn, sərnişinlərin üzbəüz əyləşməsini təmin etmək üçün, furqonun ikinci sıradakı oturacaqlarını öz oxu ətrafında hərləmək mümkündür. Eyni zamanda, yan paneldə quraşdırılan kiçik bir masanı da açmaq olar.

Buna baxmayaraq, aAlman mühəndisləri yeni T7 miniveninin daxili quruluşunun tərtibatını köklü şəkildə dəyişdirmək qərarına gəliblər. Mühəndislər bütöv arxa divandan imtina edərək, onu fərdi oturacaqlarla əvəzləyiblər. Bundan əlavə, yeni kreslolar daha yüngül və daha çevikdirlər.

Xüsusi olaraq hazırlanmış mexanizm sayəsində, arxa sıralardakı beş oturacağı artıq sökmək və ya salon boyu asanlıqla hərəkət etdirmək olar ki, bu da, iri ölçülü yüklərin daşınması üçün gərək olan geniş məkanı təmin edə bilər.

Tizerdə elan olunan digər bir yenilik minivan üçün nəzərdə tutulmuş panoram damdır. Yeni T7 modeli şəffaf  dam örtüyünə, habelə birinci oturacaq sırasının üzərindəki elektrikli lyukə sahib olacaqdır. Bundan əlavə, yeni furqon, salonun daha yaxşı işıqlandırmasını  təmin etmək üçün,  iri yan pəncərələrlə təchiz olunacaqdır.

Volkswagen Transporter 7 modelinin rəsmi təqdimatının cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.