Volkswagen konserni yeni Transporter T7 furqonunun tizerini dərc edib. Dərc edilmiş tizerdəki T7 modeli, şirkətin 2016-cı ildə təqdim etdiyi Budd-e konsept avtomobilinin tərzində dizayna malikdir.
T6.1 modeli ilə müqayisədə yeni furqonun kuzovu daha hamar xətlərə sahibdir. Bundan əlavə, yeni furqon bütöv ön işıq texnikasına malikdir ki, bu da furqonun hibrid versiyasının olacağına işarə edir. Əvvəllər bənzər dizayn həlli ID.4 elektrik krossoverində, habelə Golf və Arteon modellərində tətbiq edilmişdi.
Yeni Transporter modelinin MQB modul platformasında inşa ediləcəyi gözlənilir. Bu halda, bəzi aqreqatlar və interyer elementləri Golf Mk8 modelindən furqona köçürülə bilər. Casusların keçən il furqonun sınaqları zamanı çəkməyə müvəffəq olduqları rəqəmsal cihazlar paneli də bənzər üslubda tərtib edilib.
Transporter T7 modelinin mühərrik çeşidinə 2,0-litrlik dizel mühərriki, habelə Golf GTE modelindən götürülmüş hibrid güc qurğusunun daxil ediləcəyi ehtimal olunur. Hibrid qurğunun tərkibinə 1,4-litrlik benzin turbomühərriki və elektromotor daxildir. Hibrid qurğunun ümumi hasilatı 242 at qüvvəsi və 400 Nm təşkil edir. Modelin 2021-ci ilin sonuna qədər debüt edəcəyi gözlənilir.