Volkswagen şirkəti T7 modelinin tizer kampaniyasını davam etdirməkdə israrlıdır. Bu gün alman istehsalçısı yeni T7 Multivan Bulli modelinə həsr olunmuş növbəti videotizeri dərc edib. Bu dəfə söhbət avtomobilin eksteryer dizaynından gedir.

Debütü iyun ayının ortalarında keçiriləcək yeni T7 modeli MQB modul platformasına “köçəcək”, yeni interyer və eksteryer dizaynına sahib olacaqdır. Alman istehsalçısı artlq yeni minivenin interyeri barədə məlumatla bölüşüb. Növbəti tizerdə isə, minivenin eksteryer dizaynı haqqında danışırlır. Yeni T7 modelinin MQB modul platformasına keçəcəyi barədə söz-söhbət  bir neçə ay bundan əvvəl peyda olmuşdu, bu gün isə bu məlumat təsdiqini tapıb.

Videoçarxda nümayiş etdirilən yeni eskizlərdə minivenin geniş şüşələnmə səthi nümayiş etdirilir. Üstəlik, sürücünün görmə bucağının genişləndirilməsi məqsədi ilə ön dayaqda əlavə pəncərə quraşdırılıb. Bundan başqa, avtomobilin xarici görünüşündə onun sələflərinin tanış cizgilərini də görmək mümkündür. Məsələn, ön dayaqdakı əlavə pəncərə T1 (1950-1975), yan tərəf boyu uzanan xətt T3 (1979-2002), “lakonik şəkildə irəliyə doğru uzadılmış” alın şüşəsi və kapot isə T4 (1990-2003) modelini xatırladır.

Xatırladaq ki, əvvəlki tizerlərdə modelin interyer dizaynı və avadanlıq siyahısı barədə məlumat verilmişdi. Yeni miniven “səkkizinci” Golf modelinin üslubunda interyer tərtibatına malik olacaqdır. Mexaniki ötürmələr qutusu və əl əyləcinin ənənəvi dəstəyindən imtina ön oturacaqların arasında geniş məkanın peyda olmasına gətirib çıxaracaqdır. T7 modeli rəqəmsal kokpitə, transmissiyanın kiçik ölçülü coystikinə sahib olacaqdır. Eyni zamanda, avtomobilin salonu geniş transformasiya imkanlarını və panoram damı da əldə edəcəkdir.

Güc aqreqatlarına gəldikdə isə, miniven alman markasının arsenalında olan ən müasir benzin və dizel mühərrikləri, habelə qoşulan hibrid güc qurğusu  (PHEV) ilə təchiz ediləcəkdir.