Volkswagen konserni 2021-ci ildə Hindistan bazarında satılacaq yeni yığcam Taigun krossoverini təqdim edib. Lakin o heç də müstəqil bir model deyil, qlobal Volkswagen T-Cross krossoverinin üzü yüngül şəkildə dəyişdirilmiş versiyası idi.
Onun ikinci ən yaxın qohumu Skoda Kushaq krossoveri olub ki, hər iki krossoverin əsasını xüsusi olaraq Hindistan üçün uyğunlaşdırılmış MQB-A0-IN platforması təşkil edir. Çex krossoveri artıq bu ilin yanvar ayında yenilənilənib, indi isə, yenilənmə növbəsi Volkswagen Taigun modelinə gəlib çatıb.
Əsas dəyişikliklər yenilənmiş krossoverin xarici görünüşü ilə bağlıdır. O, Volkswagen şirkətinin müasir dizayn üslubunda olan tamamilə yenidən işlənilmiş ön hissəyə malikdir. LED zolaqla birləşdirilmiş yeni faralar peyda olub, radiator barmaqlığı isə, qara örtmə ilə əvəz edilib.
Əsas hava girişi standart versiyada gümüşü zolaqları olan yeni ön bamperə köçürülüb. Taigun GT modeli isə, öz növbəsində, bamperdəki qara örtmələrə, eləcə də qara rəngli güzgü korpuslarına və təkər disklərinə malikdir.
Arxadakı monofənər öz formasını saxlayır, lakin LED naxışını dəyişib. Arxa bamper yüngül şəkildə yenidən işlənib. Ön və arxa tərəfdəki brend loqotipləri artıq alt işıqlandırmaya malikdirlər.
Yeni kuzov dayağına baxmayaraq, yenilənmiş Volkswagen Taigun krossoverinin ölçüləri dəyişməz qalır. Onun uzunluğu 4221, eni – 1760, hündürlüyü isə, 1612 millimetrdir. Təkər bazasının ölçüsü 2651 millimetr təşkil edir. Krossover yeni dizaynlı 16 və ya 17 düymlük təkər diskləri ilə təchiz olunur.
Eksteryerlə müqayisədə, yenilənmiş krossoverin interyeri demək olar ki, dəyişməyib. Yeganə yenilik tərtibat və dekor seçimləridir. Volkswagen Taigun modelinin daha yüksək səviyyəli versiyaları cihazlar panelinin və media sisteminin 10,1 düymlük displeyi, iqlimə nəzarət sistemi, havalandırılan ön oturacaqlar və panoram dam ilə öyünə bilərlər. Baqajın həcmi 385 litrdir. Arxa oturacaqlar qatlandıqda bu həcm 1405 litrə qədər artır.
Yeganə texniki dəyişiklik əvvəlki altı pilləli transmissiyanı əvəzləyən səkkiz pilləli avtomatik ötürmələr qutusunun əlavə edilməsidir. O, 1.0 TSI üçsilindrli turbomühərrik (115 at qüvvəsi) ilə tandemdə çalışır.
Xatırladaq ki, bu aqreqat altı pilləli mexaniki transmissiya ilə də təchiz edilə bilər. Alternativ olaraq, artıq mexaniki transmissiya ilə təklif etməyən və yalnız yeddi pilləli DSG “robotu” ilə tandemdə çalışan 1.5 TSI “turbodördlüyü” (150 at qüvvəsi) mövcuddur.
Skoda Kushaq qohum modeli kimi, yenilənmiş Volkswagen Taigun da Hindistandakı Pune şəhərindəki zavodda buraxılmağa davam edəcək. Qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









