Volkswagen şirkəti ABŞ və Latın Amerikası bazarlarında satılacaq yeni Taos krossoverini təqdim edib. Yeni krossover Tiguan modelindən bir pillə aşağıda qərarlaşıb və ölçüləri baxımından Kia Sportage və Hyundai Tucson modelləri ilə müqayisə edilə bilər. Bununla belə, Taos adı çəkilən modellərdən daha ucuz olacaqdır.
Volkswagen Taos krossoveri MQB modul platformasına əsaslanır. Krossoverin uzunluğu 4465 millimetr, eni - 1841 millimetr, hündürlüyü - 1636 millimetr, təkər bazasının genişliyi isə 2690 millimetrdir. Baqaj bölməsinin həcmi 795 litr təşkil edir. Arxa oturacaqların qatlanması halında bu rəqəm 1877 litrə qədər arta bilər.
Yeni krossover artıq iki ildir ki Çində satılan Tharu modelinin yenidən işlənmiş və bir qədər dəyişdirilmiş bənzəridir. Eyni zamanda, Taos modeli ön tərəfin özünəməxsus dizaynına malikdir. Dizaynerlərin fikrincə, model ABŞ-da satılan Tiguan və Atlas kimi digər Volkswagen krossoverlərinin cizgilərini özündə birləşdirməli idi. Nəticədə, Taos yeni işıq texnikasını, radiator barmaqlığını və bamperləri əldə edib. Krossover standart olaraq 17-düymlük təkər diskləri ilə təchiz edilir Opsional olaraq, 18 və ya 19 düymlük təkər disklərini də sifariş etmək olar.
Taos modelinin salonu da minimal dəyişikliklər ilə Tharu krossoverindən götürülüb. Krossoverin avadanlıq siyahısına 10,25-düymlük rəqəmsal cihazlar paneli, ikizonalı klimat-kontrol, smartfonların simsiz doldurulması sistemi və daxili ətraf işıqlandırması daxildir. Daha bahalı versiyalar üçün təcili əyləcləmə, kor zonalara nəzarət, zolaqda saxlama sistemi və Stop & Go funksiyası olan adaptiv kruiz-kontrol da daxil olmaqla elektron köməkçilər kompleksi nəzərdə tutulub.
Multimedia sisteminin displeyinin ölçüsü bazardan asılı olaraq dəyişir: məsələn, ABŞ-da krossover 8-düymlük sensorlu ekranla təklif edilir. Cənubi Amerikada avtomobili 10,1-düymlük ekranla sifariş etmək olar.
ABŞ-da ön ötürməli Taos modeli səkkiz pilləli avtomatik transmissiya və 160 at qüvvəli 1,5-litrlik dördsilindrli turbomühərrik ilə təklif edilir. Eyni mühərrikə malik olan tam ötürməli versiya yeddi pilləli DSG "robotu" ilə çalışır. Latın Amerikasında model 150 at qüvvəli 1,4-litrlik TSI mühərriki, altı pilləli avtomatik transmissiya və yalnız ön ötürmə ilə təklif ediləcəkdir.
Modelin istehsalı Volkswagen şirkətinin Meksika və Argentinadakı zavodlarında təşkil ediləcəkdir. Yeni krossover gələn ilin ikinci rübündə Latın Amerikasındakı dilerlərə çatdırılacaqdır. Modelin ABŞ-dakı satışlarına yayda başlanacaqdır. İlkin məlumatlara görə, krossoverin qiymətləri 21 min dollardan başlayacaqdır. Müqayisə üçün, ABŞ-da Tiguan modeli 24,9 min dollardan başlayan qiymətlər ilə satılır.
Volkswagen Taos modelinin əsas rəqibləri olan Kia Sportage və Hyundai Tucson modelləri bir qədər bahalıdırlar - 23.9 min və 23.7 min dollar.