Tayron adı Volkswagen brendinin model çeşidində hələ 2018-ci ildə peyda olub. Bu ad indiyə qədər yalnız Çinin daxili bazarında satılan krossoverə məxsusdur. İndi Volkswagen Tayron Avropada debüt edib, lakin bu fərqli bir avtomobildir. Bu ad altında uzun təkər bazası olan yeni nəsil Tiguan L Pro modeli gizlənir. Avropada belə Tayron Tiguan Allspace modelini əvəz edəcək - bir sözlə, krossoverin formatı qorunub saxlanılıb, amma indi o başqa ada malikdir.
Volkswagen Tayron
Zahiri cəhətdən avropalı Tayron praktiki olaraq Tiguan modelini təkrarlayır. Çində olduğu kimi, eksteryer dizaynı iki varianta malikdir - standart və "idman" R Line. Fərqlər - LED optika və ya kuzov dekorasiyası kimi xırda detallardadır. Avropalı Tayron modelinin uzunluğu 4770 millimetrdir ki, bu da Tiguan krossoverində olduğundan 231 millimetr çoxdur. Krossoverin təkər bazası 114 millimetr (2791 millimetrə qədər) uzadılıb. Onun eni (1852 millimetr) və hündürlüyü (1660 millimetr) də minimal olsa da, kiçik qardaşın göstəricilərini keçir.
Volkswagen Tayron R-Line
Ölçülərin artması nəinki üçüncü oturacaq sırasının (əlavə ödənişlə təklif olunur) peyda olmasına gətirib çıxarıb, həm də krossoverin daxili genişliyinə müsbət təsir göstərib. Üçüncü cərgənin arxasındakı baqaj bölümünün həcmi 345 litr təşkil edir, bütün arxa oturacaqların qatlanması halında isə, bu həcm 1905 litrə qədər artır. Standart beşyerlik versiyanın göstəriciləri müvafiq olaraq, 885 litr və 2090 litr təşkil edir.
Volkswagen Tayron R-Line
Tayron modelinin interyeri gözlənildiyi kimi, Tiguan krossoverinin tərtibatını təkrar edir. Ön paneldə 10,25-düymlük cihazlar displeyi, habelə media sisteminin 12,9 və ya 15 düymlük planşeti (konfiqurasiyadan asılı olaraq) var. Avropalı krossover ön sərnişin üçün ayrıca ekrana sahib deyil, lakin Çində satılan versiya belə avadanlıq ilə öyünə bilər. Bundan başqa, Tayron üçzonalı klimat-kontrol, geniş çeşiddə sürücü köməkçiləri olan adaptiv kruiz-kontrol, panoram dam, masaj funksiyalı havalandırılan oturacaqlar və Harman-Kardon audiosistemi ilə təchiz oluna bilər.
Volkswagen Tayron
Volkswagen Tayron MQB Evo platformasında inşa edilib və geniş çeşiddə güc aqreqatları təklif edir. Bununla belə, Tiguan modelində olduğu kimi, ən sadə 130 at qüvvəli versiyalar çeşidə daxil edilməyib. Baza 1,5 eTSI benzin turbomühərriki 150 at qüvvəsinə malikdir və yumşaq hibrid üstqurum ilə təchiz olunub. Böyük 2.0 TSI mühərriki modifikasiyadan asılı olaraq, 204 və ya 272 at qüvvəsinə malikdir. 2.0 TDI turbodizeli 150 və ya 193 at qüvvəli versiyalarda təklif edilir. Bütün versiyalar yeddi pilləli DSG “robotu” ilə təchiz olunur, 4Motion tam ötürməsi isə, yalnız 190 at qüvvəsindən çox gücə malik olan variantlar üçün əlçatandır.
Volkswagen Tayron
Çeşidə həmçinin altı pilləli preselektiv “robotu” olan ön ötürməli təkrar doldurulan hibridlər də daxildir. 1,5 TSI benzin mühərrikinə kömək edən elektrik mühərriki “robota”quraşdırılıb. Seçmək üçün 204 və ya 272 at qüvvəsinə malik olan versiyalar var. Litium-ion dartma batareyasının tutumu 19,7 kilovat/saatdır ki, bu da sırf elektrik dartması ilə 100 kilometrlik yürüş məsafəsi üçün kifayət etməlidir. Ümumi qət edilən məsafə 850 kilometrə çatır.
Yeni Volkswagen Tayron krossoverini artıq Avropada sifariş etmək olar. Almaniya bazarında onun qiyməti 45 min avrodan başlayır, Tiguan modeli üçün isə, ən azı 38 250 avro tələb olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.