Volkswagen şirkəti yanvar ayında qapılarını ziyarətçilərin üzünə açacaq Detroyt avtosalonunda Tiguan krossoverinin uzun bazalı variantını nümayiş etdirəcəkdir. Şimali Amerika və Avropa bazarlarında satılacaq krossover Allspace indeksini əldə edəcəkdir.
Volkswagen nümayəndələrinin bildirdiyinə görə, Tiguan Allspace modelinin təkər bazası adi krossoverdəkindən 11 santimetr uzun olacaqdır.
Yeni krossoverin qabarit uzunluğu da qısa bazalı modelə nisbətən 22 santimetr çox olacaqdır. Böyük ehtimalla, Tiguan Allspace Çin bazarı üçün nəzərdə tutulmuş Tigual L modelinin Amerika və Avropa bazarları üçün uyğunlaşdırılmış variantıdır. Xatırladaq ki, Volkswagen Tiguan L modelinin qabarit uzunluğu 4712 millimetr, eni - 1839 millimetr, hündürlüyü isə 1672 millimetrdir. Onun təkər bazasının uzunluğu 2791 millimetrə bərabərdir. Beləliklə, Tiguan L modeli adi krossoverdən 226 millimetr uzun, 30 millimetr enli və 27 millimetr hündürdür. Təkər bazasının da fərqi 107 millimetrə bərabərdir.
Fikrimizcə, Volkswagen Tiguan Allspace modeli adi Tiguan ilə mühərrik çeşidini bölüşəcəkdir. Bunlar 1,4 və 2,0-litrlik benzin mühərrikləri və 2,0-litrlik dizel aqreqatlarıdır.