Artıq məlumdur ki, yeni nəsil Volkswagen Touareg modeli Pekində keçiriləcək təqdimat mərasiminə "öz ayaqları" ilə yollanıb.
Yeni ofroderin ekteryeri üzərindəki sirr pərdəsi bir müddət bundan öncə fotocəsuslar tərəfindən qaldırılmışdır. Biz isə, yeni krossoverin Arteon modelində debüt etmiş dizayn üslubunda xarici görkəmə malik olduğunu əminliklə söyləyə bilərik.
Yeni krossoverin əsasını MLB Evo modul platforması təşkil edir. Xatırlatmaq istərdik ki, bu platformadan Audi Q7, Bentley Bentayga, Lamborghini Urus və Porsche Cayenne modellərinin istehsalında istifadə edilir. Nəticədə yeni «Tuareqin» çəkisi hiss olunacaq dərəcədə azaldılacaq, yeni benzin, dizel və hibrid güc aqreqatlarının quraşdırılması mümkün olacaqdır. Saiyələrə görə, yeni avtomobil üç litrlik 270 at qüvvəli dizel və eyni həcmli 340 at qüvvəli benzin mühərrikləri ilə təchiz ediləcəkdir.
Bundan başqa, tərkibinə 252 at qüvvəli dörd silindirli benzin mühərriki və 100 kilovattlıq elektromotor daxil olan hibrid güc aqreqatı da təklif ediləcəkdir. Həmçinin, yeni krossover səs və əl hərəkətləri ilə idarə edilən multimedia sisteminə də yiyələnəcəkdir.