Geniş çeşidə malik olan Volkswagen Golf ailəsinin maraqlı bir xüsusiyyəti var. “Qaynar” GTI, GTD və GTE modifikasiyaları yalnız hetçbek kuzovu ilə təklif olunsalar da, ekstremal Golf R modelini universal kuzovu ilə də əldə etmək mümkündür. Belə bölgü modelin səkkizinci nəslində də qorunub saxlanılıb - bu gün universal kuzovlu səkkizinci nəsil Volkswagen Golf R Variant modeli işıq üzü görüb.
Yeni versiya standart universal kuzovunu Golf R modelinin texnikası ilə birləşdirdirir. Müvafiq olar heç bir sürpriz də yoxdur. Xatırladaq ki, cari nəsil Golf Variant modelinin təkərlər bazası hetçbeklə müqayisədə 66 millimetr daha genişdir. Üstəlik, universal daha geniş salon və 611 litrlik baqaj bölümü təklif edir.
Arxa cərgənin qatlanması halında baqaj həcmini 1642 litrə qədər artır. Bundan başqa, Golf R Variant universalı üçün 1,9 tona qədər çəkisi olan qoşquların yedəyə alınmasını təmin edən standart farkopu sifariş etmək mümkündür! Xatırladaq ki, Golf R hetçbeki belə şansadan məhrumdur.
Kapotun altında EA888 evo4 seriyasından olan 320 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,0-litrlik TSI turbomühərriki yerləşib. Ancaq təklif olunan yeganə transmissiya yeddi pilləli DSG "robotudur". Qeyd etmək gərəkdir ki, ekstremal hetçbek ABŞ bazarında mexaniki qutu ilə də təklif olunur. Universala gəlincə isə, belə modifikasiya Amerikada satılmır.
4Motion tam ötürmə sistemi, standart oxlararası muftanın əvəzinə dartma vektorunu idarə etməyə imkan verən fərdi friksionlara malikdir. Üstəlik, Golf R Variant universalı üçün, ESP sisteminin söndürüldüyü və elektronikanın arxa oxa maksimum dartma qüvvəsini ötürdüyü xuliqan drift rejimi saxlanılıb!
Doğrudur, Drift preseti, Nurburqinq üçün tənzimlənmiş Special rejimi olan opsional R Performance paketinə daxil edilib. Standart presetlər dəsti Comfort, Sport, Race və Individual rejimlərini ehtiva edir.
Ekstremal Volkswagen Golf hetçbeki kimi, ekstremal universal da 20 millimetr azaldılmış klirensə, DCC adaptiv amortizatorlarına və gücləndirilmiş əyləc mexnaizmlərinə malik olan idman şassi ilə təchiz edilir . Sifarişçilər 18 və ya 19 düymlük təkər disklərindən birini seçə bilərlər.
Ekstremal universal 100 km/saat həddini 4,9 saniyəyə (hetçbek – 4,7 saniyəyə) toplayır. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. R Performance paketini sifariş etməklə, bu həddi 270 km/saata qədər çəkmək olar.
Artıq Volkswagen Golf R Variant universalını Almaniyada 51,600 avrodan başlayan qiymət ilə sifariş etmək mümkündür.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.