Volkswagen şirkəti up! yığcam avtomobilinin model xəttini «qaynar» modifikasiyanın hesabına genişləndirmək niyyətindədir. Bu barədə məlumatı şirkət daxilindəki mənbələrə əsaslanan «Autocar» dərgisi vermişdir. Güman edilir ki, «qaynar» hetçbek 1,0-litr işhəcmi olan üç silindirli turbomühərriklə təchiz ediləcəkdir. Artıq up! modelinin mühərrik çeşidində belə bir mühərrik mövcuddur! Bu mühərrik 90 at qüvvəsi gücü və 200 Nm fırlanma anına malikdir. Volkswagen up! modelinin «qaynar» variantında bu mühərrikin 115 at qüvvəsi gücü və 200 Nm fırlanma anı olan modifikasiyası istifadə ediləcəkdir.

Hazırda alman istehsalçısı belə mühərriki Golf TSİ BlueMotion modelində quraşdırır. VW up! GTI modelinin güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu və ya yeddi diapazonlu iki muftalı DSG sürətlər qutusu ilə birləşdiriləcəkdir.

«Robotla» təchiz edilmiş «qaynar» hetçbek 100 kilometr-saat həddinə qədər səkkiz saniyəyə sürətlənməlidir. Avtomobilin maksimal sürəti isə 200 kilometr-saat təşkil etməlidir.

Bundan əlavə, «qaynar» model yeni yaylarla, amortizatorlarla və azaldılmış klirensi ilə seçiləcəkdir. Əlavə olaraq, hetçbek xüsusi eksteryer və interyer tərtibatına da malik olacaqdır.

Bunların sırasına aqressiv dizaynlı ön və arxa bamperlər, buraxılış sisteminin xüsusi formalı boruları və 205/40 ölçülü şinləri olan 16 düymlük təkər diskləri daxil olacaqdır. Əlbəttə ki, bu seriyadan olan avtomobillər GTI modellərinin vizit kartına çevrilmiş radiator barmaqlığının qırmızı xətti ilə də təchiz ediləcəkdirlər. Avtomobilin interyeri də GTI modellərinə xas olan rəng tərtibatında hazırlanacaqdırlar.

Bildiyimiz kimi, VW up! modelinin «yolsuzluq» üçün variantı da mövcuddur. Hetçbekin bu variantı 2013-cü ildə debüt etmişdir. «Offroad» üçün olan up! adi avtomobillərdən kuzovun qoruyucu dəsti ilə seçilirlər.