Volkswagen şirkəti və Cənubi Koreya mənşəli elektronika istehsalçısı olan LG şirkəti əməkdaşlıq haqqında müqavilə imzalamışdırlar. Tərəfdaşlar məlumat mübadiləsi üçün bulud servislərindən istifadə edən yeni nəsil multimedia sistemlərinin işlənib-hazırlanması ilə məşğul olacaqdırlar.

Bu sistemlər gələcəkdə avtomobilin sahibinə "ağıllı evi" ilə əlaqə yaradıb təhlükəsizlik sistemini yoxlamaq və ya işıqları söndürmək imkanı yaradacaqdır. Həmçinin yeni layihə, "intuitiv aydın və təhlükəsiz üsulla" multimedia sisteminin məlumatlarını sürücüyə ötürəcək rahat interfeysin də yaradılmasını nəzərdə tutur.

Bulud servisinin xidmətlərindən istifadə edən multimedia sistemlərini demək olar ki, bütün iri avtomobil istehsalçıları işləyib-hazırlamaqdadırlar. Misal üçün, Hyundai şirkəti yaxın zamanlarda "biri-biri ilə ünsiyyət quran" avtomobillərin meydana gələcəyi barədə bəyanat vermişdir. Bundan bir müddət öncə isə, Toyota və Microsoft şirkətləri Texasda bütün "ağıllı" avtomobillər üçün "beyin mərkəzi" olacaq xüsusi məlumat habının yaradılacağı barədə məlumat vermişdirlər.

LG markası 2007-ci ildən başlayaraq müxtəlif avtomobil istehsalçılarının multimedia sistemləri ilə təchizatını həyata keçirir. 2015-ci ildə, Volkswagen məxsus olan Italdesign Giugiaro dizayn atelyesi LG elektronikası ilə təchiz edilmiş GEA konsept avtomobilini təqdim etmişdi.