Volkswagen AG konsernində yeni kadr dəyişiklikləri baş verib. 2020-ci ilin yayında Volkswagen konserninin minik avtomobilləri bölməsinin rəhbəri təyin edilmiş Ralf Brandştetter vəzifəsində yüksəldilib: avqustun 1-dən o, Volkswagen AG konserninin Çin bölməsinə rəhbərlik edəcəkdir.

Tomas Şafer
Onu hazırda Skoda şirkətinə rəhbərlik edən Tomas Şafer əvəzləyəcəkdir. Aprelin 1-də Şafer əməliyyat direktoru vəzifəsinə təyin edilib, iyulun 1-dən isə baş direktor vəzifəsini yerinə yetirəcək və Direktorlar Şurasının üzvü olacaqdır. Tomas Şafer karyerasına 1994-cü ildə Daimler-Benz konsernində başlayıb. O, 2012-ci ildə Volkswagen konserninə keçib və 2020-ci ilin avqustunda Skoda şirkətinin rəhbəri təyin edilib.

Klaus Zellmer
Skoda şirkətinin yeni rəhbəri də artıq təyin olunub: iyulun 1-dən çex istehsalçısına alman Klaus Zellmer başçılıq edəcəkdir. O, avtomobil biznesindəki karyerasına 1997-ci ildə Porsche şirkətində başlayıb və Şimali Amerika bölməsinə rəhbərlik edib. Zellmer 2020-ci ildə Volkswagen şirkətinə keçib və indi burada satış, marketinq və satışdan sonrakı xidmətlərə cavabdehdir. Zellmeri əvəzləyəcək yeni namizədin adı hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.