SAIC Volkswagen birgə müəssisəsi MQB modul platformasında inşa edilən ən böyük VW modelini - Viloran minivenini təqdim edib. Yeddi nəfərlik miniven zəngin avadanlığı və ikinci cərgədəki "kapitan" kresloları ilə seçilir. Məlumdur ki, çinli iş adamları dəbdəbəli minivenlərə böyük üstünlük verirlər və alman istehsalçısı belə bir seqmentdə iştirak etməyə bilməzdi.
Texniki baxımdan Volkswagen Viloran modeli alman markasının ən iri krossveri olan Atlas/Teramont modelinə yaxındır, lakin ölçü baxımından, miniven Volkswagen modellərinin ən böyüyüdür: onun uzunluğu 5346 millimetr, eni - 1976 millimetr, hündürlüyü - 1781 millimetr, təkər bazasının uzunluğu isə 3180 millimetrdir. Viloran uzunbazalı Multivan T6.1 modelindən 42 millimetr daha uzundur!
"Qohum" modellərdən fərqli olaraq, miniven yalnız ön ötürmə, 7-pilləli DSG "robotu", 2.0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilir. Mühərrik isə, iki güc variantında təklif edilir: 186 at qüvvəsi (320 Nm) və 220 at qüvvəsi (350 Nm).
Ön panelin arxitekturası Atlas modelini xatırladır. Klimat-kontrolun sensorlu bloku, dekorasiya və havalandırma sisteminin deflektorları Atlas X kupesindəki kimidir. Əlavə ödənişlə, miniveni 10,25-düymlük rəqəmsal cihazlar paneli ilə də sifariş etmək olar. Multimedia sistemi isə, standart olaraq 9,2-düymlük sensorlu displey ilə təchiz edilir.
Minivenin təklif edildiyi 2 + 2 + 3 oturacaq formulu, avtomobildə üstünlüyün ikinci cərgənin sərnişinlərinə veridiyini göstərir. İkinci cərgədə
elektriklə tənzimlənən, ayaqlar üçün ottomanlar, havalandırma, masaj və qızdırılma funksiyaları olan iki fərdi kreslo və stəkanalıtıları olan dirsəkaltılar quraşdırılıb, sağ sərnişin ön oturacağı qatlayaraq qarşısındakı boş məkanı artıra bilər.
Salon tərtibatında istifadə edilən materiallar premium keyfiyyətlidirlər: top versiyaların interyer tərtibatında əsl dəri və ağacdan istifadə edilir, seçimlər arasında isə panoram tavan, matrisa fənərləri, adaptiv kruiz-kontrol, 20-düymlük yüngül lehimli təkər diskləri, zolaqlara nəzarət sistemi, avtomatik parkedici vardır.
Zahirən Viloran böyük miniven təsiri bağışlamır: minivenin arxa hissəsinin dizaynı Passat universalının üslubundadır, ön hissə isə daha çox Touareg krossoverinə bənzəyir.
Model üçün ilkin qiymətlər artıq məlumdur: 186 at qüvvəli baza Viloran modeli 350 min yuan (84 min manat) başa gələcək, 220 at qüvvəli mühərriki olan versiya üçün isə 400 min yuan (95 min manat) ödəmək gərəkdir. Son qiymət siyahısı bir ay ərzində açıqlanmalıdır. Minivenin Çindəki satışlarına 28 May tarixində start veriləcəkdir.
Volkswagen Viloran Çində Buick GL8 Avenir və Honda Odyssey modelləri ilə rəqabət aparacaqdır. Zamanla, alman-çin miniveninin "qlobal" modelə çevrilməsi də mümkündür.