Volkswagen Qrupu 24 və 25 sentyabr tarixlərində Fransanın Şantilye şəhərində keçiriləcək Chantilly Arts & Elegance sərgisi çərçivəsində konseptual Gen.Travel avtonom elektromobilini təqdim edəcəkdir. Yaradıcılarının fikrincə, idarəetmə orqanlarından məhrum olan konseptual şatl alman şirkətinin avtomobil sənayesi sahəsində baş verəcək dəyişikliklərə baxışını təcəssüm etdirir. Avtomobildə çarpayılara transformasiya edilən iki oturacaq var.
Gen.Travel futuristik dizayna, “kəpənək qanadları” üslubunda açılan qapılara, panoram şüşələnməyə və tam LED optikaya sahibdir. Avtomobilin yaradıcıları onun eksteryerində tutqun və qara rəngli şüşə örtüklərdən, həmçinin təbii və təkrar emal olunmuş materiallardan istifadə ediblər. Ağıllı işıqlandırma sistemi sayəsində interyerdə soyuq və ya isti atmosfer işıqlandırmasını tətbiq etmək olar.
Gen.Travel modelinin digər bir xüsusiyyəti, müxtəlif vəziyyətlərə uyğunlaşdırılan modul konstruksiyalı salonudur. Salonda dörd yetkin sərnişin yerləşə bilər. Əgər gecə səyahəti nəzərdə tutulubsa, oturacaqlardan iki çarpayını təşkil etmək olar.
Bundan əlavə, sərnişinlər tamamlanmış reallıq interfeysinə çıxış əldə edecəklər ki, bu da xüsusi eynəklərin köməyi ilə səyahət haqqında əlavə məlumatı almağa imkan yaradacaqdır. VR həmçinin rəqəmsal kontentdən istifadə etməyə imkan verir.
Konseptdə pedallar və sükan yoxdur. Avtomobilin idarəetmə elementləri mərkəzi konsolda yerləşən və media sistemini, oturacaq mövqeyini və iqlimə nəzarət sistemini tənzimləməyə imkan verən sistemlərdir. Planlaşdırıldığı kimi, belə bir avtomobil tamamilə avtonom olmalıdır. Volkswagen şirkəti avtomobilin güc qurğusu barədə təfərrüatları hələlik açıqlamayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.