Volkswagen şirkəti proqram təminatında aşkar edilmiş səhv ucbatından yeni Golf modelinin dilerlərə göndərilməsini dayandırıb. Bəzi hetçbeklərdə təcili yardım xidmətlərinə zəng etmək üçün cavabdeh olan eCall elektron köməkçisində nasazlığı olduğu aşkarlanıb.
Volkswagen şirkəti proqram təminatındakı mümkün problemlərin səbəblərini anlamış deyil və hazır avtomobillərin səlahiyyətli dilerlərə göndərilməsini dayandırmaq qərarına gəlib. Volkswagen mütəxəssisləri müəyyən edilmiş xətanın nə qədər avtomobildə baş verə biləcəyini söyləməkdə çətinlik çəkirlər.
Çox güman ki, 15-21 iyun tarixlərində planlaşdırılan proqram təminatının yeniləməsi zamanı proqram kodunu məsafədən düzəltmək mümkün olacaqdır. Əks təqdirdə, yeni Volkswagen Golf modeli kütləvi şəkildə geri çağrıla bilər.
31 Mart 2018-ci il tarixindən etibarən eCall modulunun quraşdırılması Avropa Birliyi ölkələrində satılan bütün yeni minik avtomobilləri və mikroavtobuslar üçün məcburidir, buna görə də Volkswagen, proqram təminatının pozulmasının səbəblərini tapana qədər Golf modelinin satışından söhbət gedə bilməz.
"Der Spiegel" nəşrinin bildirdiyinə görə, Volfsburg zavodunda yeni Golf modelinin istehsalını dayandırmaq barədə söhbət getmir: hazır avtomobillər elektronika problemi həll olunana qədər istehsalçı tərəfindən zavod meydançalarında saxlanacaqlar.
Volkswagen şirkəti daha əvvəl də yeni Golf modelinin proqram təminatı ilə bağlı problemlər yaşamışdı: proqram təminatındalı nasazlıqlar alman şirkətini yeni modelin təqdimatını bir neçə ay təxirə salmağa məcbur olmuşdu.
Bu günlərdə Skoda şirkəti də Golf modeli ilə eyni platformanı bölüşən yeni nəsil Octavia modelinin dilerlərə göndərilməsini dayandırıb. Səbəb eynidir - eCell elektron yardımçısı ilə bağlı problemlər. Böyük ehtimalla, Audi şirkəti yaxın zamanlarda yeni nəsil A3 modelinin tədarükünü dayandıra bilər. Audi modeli də səkkizinci Golf ilə eyni platformada inşa edilib.