Volkswagen şirkəti bu günlərdə yeni yeddi yerlik krossoverin ilk rəsmi tizerini yaymışdır. Böyük ehtimalla yeni crossover Atlas adlandırılacaqdır. Krossoverin təqdimatı 27 oktyabr tarixində Kaliforniyada keçiriləcəkdir. Onun kütləvi nümayişi isə, noyabr ayında keçiriləcək Los-Anjeles avtosalonunda baş tutmalıdır.

Tizerdən də göründüyü kimi, yeni krossoverin xarici görkəmi, üç il bundan öncə Detroyt avtosalonunda təqdim edilmiş CrossBlue konsepti ilə bənzərlik daşıyır. Volkswagen Atlas modelinin interyerinin dizaynı  ikinci nəsil Tiguan modelinin üslubunda həll ediləcəkdir. Qeyd etmək lazımdır ki, yeni modelin eksteryeri bir müddət bundan əvvəl dərc edilmiş cəsus fotoşəkillərində açıqlanmışdı. İri ölçülü krossover MQB modul platformasının əsasında yığılacaqdır. Krossoverin mühərrik çeşidinə dörd və altı silindirli benzin və dizel güc aqreqatları daxil ediləcəkdir.

Avtomobilin istehsalı ABŞ-ın Çattanuge şəhərindəki zavodda yerləşdiriləcəkdir.