Volkswagen şirkəti gələn il amerika bazarında satılacaq yeni nəsil Passat sedanının ilk təsvirlərini dərc edib. Yeni sedan daha aqressiv, Arteon və yeni Jetta modellərinin üslubunda dizayn elementləri olan xarici görkəmə malikdir. Texniki cəhətdən yeni avtomobil sələfi ilə bənzər olacaqdır.
Yeni Volkswagen Passat sedanının seriyaöncəsi prototiplərini idarə edən xarici jurnalistlər sedanın tamamilə yeni kuzova sahib olduğunu bildirirlər. Əvvəlki nəsildən qalan yalnız onun tavanıdır. Yeni Passat sedanının eksteryeri yeni firma üslubunda hazırlanıbdır. Buna misal olaraq, üfüqi xəttləri olan iri radiator barmaqlığını, daha mənalı ön fənərləri və nazik formalı arxa işıqları göstərmək olar.
Texniki cəhətdən yeni sedancari nəsildən cüzi şəkildə fərqlənir. Avtomobilin platforması və təchiz edildiyi 176 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərriki dəyişilməz qalıb. MQB modul platformasına keçməkdən imtina edildiyinə görə, Passat hibrid güc aqreqatına və hətta virtual cihazlar panelinə malik olmayacaqdır.
Yeni VW Passat sedanının təchizatına işıqdiodlarından fənərlər, avtomatik əyləcləmə sistemi, 8 düymlük sensorlu ekranı olan multimedia sistemi və adaptiv kruiz-kontrol daxil olacaqdır.