Volkswagen konserni Polo modelinin ralli üçün nəzərdə tutlmuş variantının dizayn-sketçini dərc etmişdir. Tizerdə təsvir edilmiş avtomobildə, alman şirkətinin idman kollektivi, 2017-ci ildə keçiriləcək klassik ralli yarışları üzrə dünya çempionatında (WRC) çıxış etmək niyyətidədir. «Autocar» nəşrinin bildirdiyinə görə, avtomobilin hazırlıq işlərinə 2015-ci ilin yayında başlanılmışdır. Xatırladaq ki, həmin il Beynəlxalq avtoidman federasiyası (FİA) 2017-ci ilin çempionatının reqlamentində dəyişikliklər etmişdi.

Nəşrin verdiyi məlumata görə, 2017-ci ilin çempionatında iştirak edəcək «döyüş» avtomobili, sketçdə təsvir edilən hetçbekə nisbətən müəyyən zahiri dəyişikliklərə məruz qalacaqdır. Növbəti mövsümdə iştirak edən avtomobillər daha enli və güclü olacaqdırlar. Restriktorun diametrinin 33-dən 36 millimetrə böyüdülməsi nəticəsində mühərriklərin gücü ciddi şəkildə artacaqdır. Ehtimal olunur ki, mühərriklərin gücü 390 - 400 at qüvvəsi arasında olacaqdır. Hal-hazırda bu rəqəm 320 at qüvvəsinə bərabərdir.

Bundan başqa, tam ötürməli çəkiş sisteminin də konstruksiyasında dəyişikliklər edilməlidir. Hazırda avtomobillərdə differensialsız sistem istifadə edilir ki, gələn ildən WRC avtomobilləri aktiv mərkəzi differensialla təchiz ediləcəkdirlər.

Bu ilki mövsümdə çempionatın üç mərhələsi artıq geridə qalmışdır. Monte-Karlo, İsveç və Meksika mərhələlərini Volkswagen komandasının pilotları - qüvvədə olan dünya çempionu Sebastyen Ojye (2 qələbə) vı Yari-Matti Latvala qazanmışdırlar.