Volkswagen şirkətinin Transporter/Caravelle/Multivan ailəsi iki fərqli istiqamətə bölünüb. T7 nəslindən olan Volkswagen Multivan miniveni 2021-ci ildə təqdim edilib: o, gücləndirilmiş MQB minik platformasına əsaslanır və artıq faktiki olaraq minivenə çevrilib. Transporter və Caravelle modellərinə gəlincə isə, onlar yalnız indi yeni nəslə daxil olublar və heç də Volkswagen şirkətinin məhsulu deyillər.

Yeni furqon və minivenlər sadəcə olaraq 2022-ci ilin Ford Transit Custom və Tourneo Custom modellərinin üzü dəyişdirilmiş versiyalarıdır. Bu, artıq iki şirkət arasında yüngül kommersiya avtomobilləri sahəsində əməkdaşlığın üçüncü mərhələsidir: əvvəllər Ford Ranger Volkswagen Amarok pikapının donoru olub, Volkswagen Caddy modelinin isə, əkizi - Ford Tourneo Connect debüt edib.

Əslində, Transporter/Caravelle modelləri Ford orijinallarından yalnız ön tərəfin Volkswagen brendinin müasir üslubunda olan tərtibatı ilə fərqlənirlər. Üstəlik, təkcə plastik dayaq deyil, həm də fənərlər, kapot və qanadlar da dəyişdirilib. Ancaq yenə də Ford mənşəyi özünü  biruzə verir.

Alıcılara iki uzunluq (5050 və 5450 millimetr) və təkər bazası (müvafiq olaraq 3100 və 3500 millimetr) təklif olunacaq. Yeri gəlmişkən, baza versiyası əvvəlki T6.1 modelindən 146 millimetr uzundur.

Avtomobilin eni 128 millimetr artaraq 2032 millimetrə çatıb. Transporter furqonlarının yük bölməsinin həcminin 5,8-dən 9,0 kubmetrə qədər olduğu bildirilir. Maksimum yükgötürmə qabiliyyəti 1330 kiloqrama, yedəyə alınan qoşqunun çəkisi isə, 2800 kiloqrama bərabərdir. Sərnişin Transporter və Caravelle modelləridoqquza qədər yer təklif edə bilər.

Fərqli sükan çarxı istisna olmaqla, yeni Volkswagen modelinin interyeri demək olar ki, tamamilə Tranzit modelindən götürülüb. Ön paneldə cihazlar panelinin 12 düymlük və media sisteminin 13 düymlük ekranları var. 

Avtomatik transmissiyalı versiyaların selektoru sükan sütununda yerləşir ki, bu da mərkəzi konsolda əlavə yer boşaldır. Xırda əşyalar üçün çoxlu sayda bölmələr, həmçinin USB-A, USB-C konnektorları və 12 voltluq rozetkalar (230 voltluq elektrik rozetkaları opsiyadırlar) mövcuddur.

Ford kommersiya modelləri kimi, yeni Volkswagen avtomobilləri də dizel, hibrid və ya elektrik güc aqreqatları ilə təchiz edilə bilərlər. 2.0 TDI turbodizeli üç güc variantda təklif olunur: 110, 150 və ya 170 at qüvvəsi. 

Kiçik versiya yalnız altı pilləli mexaniki transmissiya ilə təchiz olunur. Dizel versiyaları ön ötürməlidirlər, lakin 150 və ya 170 at qüvvəli versiyalar üçün 4Motion tam ötürməsini sifariş etmək olar.

Transporter/Caravelle eHybrid modifikasiyası 2,5-litrlik benzin atmosfer mühərriki və elektrik mühərriki ilə təchiz edilir. Hibrid sistemin gücü 232 at qüvvəsidir, ötürmə yalnız ön oxadır, dartma batareyası isə, rozetkadan doldurula bilər. 

Nəhayət, Transporter və Caravelle elektrik versiyaları 64 kilovat-saatlıq dartma batareyası, 136, 218 və ya 286 at qüvvəli elektrik mühərrikləri ilə təklif edilirlər. Ötürmə - arxa oxadır. Daha sonra iki mühərrikli tamötürməli versiyalar, həmçinin daha kiçik tutumlu batareya ilə təchiz edilmiş  şəhər versiyası da peyda olacaq.

Çeşidə PanAmericana ofroud versiyası da daxil edilib. O, kuzovdakı rənglənməmiş plastikin bolluğu və 19 düymlük təkər diskləri ilə seçilir, interyer tərtibatı isə, polad qapı kandarları (işıqlandırılmış), qara dekor və oturacaqların xüsusi üzlüyü ilə tamamlanır. Ofroud anturajına baxmayaraq, tam ötürmə sistemi belə avtomobillər üçün ödənişlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni nəsil Volkswagen Transporter furqonuna sifarişlər artıq qəbul olunur. Onun Almaniyadakı satış qiyməti 43 800 avrodan başlayır. Transporter modelinin sərnişinin versiyasının qiyməti 48 400 avrodan başlayır, lakin Caravelle miniveninin qiyməti hələlik açıqlanmayıb.

Avtomobillərin yığılması Türkiyədəki zavodda, qohum Ford modelilləri ilə birlikdə həyata keçiriləcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.