Volkswagen şirkəti yenilənmiş Amarok pikapının ilk rəsmi eskizlərini dərc etmişdir. Yenilənmiş avtomobilin rəsmi satışlarının bu ilin sonunda başlanacağı ehtimal olunur. Sketçlərdən göründüyü kimi, Volkswagen Amarok modelinin eksteryeri və interyeri çox da ciddi olmayan dəyişikliklərə məruz qalacaqdır. Avtomobilin simasında edilmiş kosmetik düzəlişlər onun görünüşünü «təravətləndirmək» məqsədini daşıyır. Çox güman ki, ciddi dəyişikliklər pikapın təchizatında olacaqdır. Saiyələrə görə, avtomobil çoxlu sayda müasir təhlükəsizlik və sürücüyə yarım sistemləri ilə təchiz ediləcəkdir.
Eskizlərdən aydın olduğu kimi, avtomobil yeni cihazlar paneli almış təkmilləşdirilmiş interyer əldə edəcəkdir. Ümumilikdə isə, yenilənmiş pikap, son zamanlar Volkswagen şirkətinin yeni və yenilənmiş avtomobillərində quraşdırılan müasir sistemlər ilə təmin ediləcəkdir.
Restaylinqdən keçmiş avtomobilin ölçülərinin dəyişəcəyi də istisna edilmir.
Lakin, bu dəyişikliklər pikapın çətin yolsuzluq şəraitində istifadə imkanlarına təsir etməyəcəkdir.
Təsdiqini tapmayan məlumatlara əsasən, Volkswagen Amarok modeli texniki cəhətdən dəyişikliklərə məruz qalmayacaqdır. Ford Ranger, Nissan Navara, Mitsubishi L200, Isuzu D-Max və Toyota Hilux kimi avtomobillər ilə rəqabət aparan Amarok, hər kəsə tanış olan və zamanın sınağından çıxmış mühərriklərlə təchiz ediləcəkdir.