2024-cü ilin əvvəlində Volkswagen əfsanəvi Golf modelinin yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş hetçbek və universal yeni avadanlıq sayəsində "daha ağıllı" olub və daha güclü mühərrikləri alıb. Lakin bayraqdar Golf R modelinin həvəskarları onun yenilənmiş versiyasını bir qədər gözləməli olacaqlar. Odur ki, alman istehsalçısı hələlik “bərkgedən” hetçbekin yalnız kamuflyaja bürünmüş versiyasını nümayiş etdirib.

Ən güclü hetçbekin debütü Avstriyanın Zell am See gölündə keçirilən ənənəvi Ice Race yarışında baş tutub - əfsanəvi yarışçı Hans-Yoahim Ştuk və ralli-kross üzrə altıqat dünya çempionu Yohan Kristoffersson yeni Golf GTI, Golf eHybrid və Golf GTE modellərini buz üzərində sınaqdan keçiriblər. İdmançılar həmçinin hazırda seriya prototipi qismində təqdim olunan yeni Golf R hetçbekini də sınayıblar.

Tamötürməli hetçbek geniş ictimaiyyətə kamuflyajlı livreyada və R versiyasına xas olan mavi rəngdə təqdim edilib. Baza Golf və Golf GTI modellərinin aldığı yeniləmələrə əlavə olaraq, yeni Golf R inkişaf etdirilmiş aerodinamik kuzov dəstini, yeni diskləri və mavi aksentləri əldə edəcək. Yeni “bərkgedən” hetçbekin texniki xüsusiyyətləri açıqlanmayıb, lakin avtomobilin daha güclü olacağı aydındır.

Soldan sağa: Yohan Kristoffersson, Hans-Yoahim Ştuk və Raynhold İvents
Golf GTI modelindəki 2,0-litrlik benzin mühərriki 20 at qüvvəsi daha güclü olub və indi 265 at qüvvəsi hasil edir. Odur ki, yeniləmədən əvvəl 315 at qüvvəli mühərrik və 7-pilləli DSG “robotu” ilə təchiz edilən Golf R daha güclü olmalıdır. Volkswagen R bölməsinin rəhbəri Raynhold İvents yenilənmiş Volkswagen Golf R modelinin rəsmi təqdimatının 2024-cü ilin yayında keçiriləcəyini bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.