Bu ayın sonunda alman konserninin restaylinq keçmiş Golf modelini təqdim edəcəyi gözlənilir. Bu günlərdə Volkswagen şirkətinin dizaynerləri gələcək avtomobilin xarici görünüşünü nümayiş etdirən eskizləri yayıblar. Bundan əlavə, şirkət qısa tizer videosunu yayaraq, Golf GTI hetçbekinin eksteryerini eskizlərdə nümayiş etdirib. Eyni zamanda, seriya hetçbekinin də oxşar həlləri alıb-almayacağı məlum deyil. Ola bilər ki, dizaynerlərin mümkün variantlardan birini nümayiş etdiriblər.
Dərc edilmiş eskizlərdə Volkswagen Golf iri üfüqi bəndləri olan yeni ön bamperə malikdir. Bundan əlavə, hetçbek ön fənərlərin fərqli dizaynı və maili damın davamı olan arxa spoyler ilə təsvir edilib. Eksteryerdəki digər fərq böyük təkər disklərindən ibarətdir.
Yeni nəsil Golf hetçbekinin əhəmiyyətli dərəcədə yenidən işlənmiş interyerə, eləcə də yeni texnoloji həllərə sahib olacağı gözlənilir. Məsələn, restaylinq keçmiş hetçbek konsernin ChatGPT çatbotuna əsaslanan süni intellektli səs köməkçisi ilə təchiz edilmiş ilk seriya modeli olacaq.
Mühərrik çeşidinə gəlincə, burada Volkswagen cari aqreqatları saxlayaraq, onları ekoloji cəhətdən daha təmiz edəcəkdir. Eyni zamanda, modelin səkkizinci nəsli ənənəvi daxili yanma mühərriki ilə təchiz edilmiş sonuncu Golf olacaq. Gələcəkdə model tamamilə elektrik ötürməsinə keçirəcəklər.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.