Volkswagen şirkəti yeni 1,5-litrlik mühərriklər ailəsinin istehsalına 2017-ci ildə başlayacağını bəyan etmişdir. Detroyt avtomobil sərgisində çıxış edən alman istehsalçısının rəhbəri Herbert Diess Golf modelinin yenilənmiş vatiantı ilə birlikdə 1,5-litrlik benzin və dizel mühərriklərinin də debüt edəcəyini bildirmişdir. Cənab Diess bu mühərriklərin tam yeni mühərriklər olmadığını, VAG qrupunun kiçik və yığcam avtomobilləri üçün nəzərdə tutulmuş 1,4 TSİ və 1,6 TDİ mühərriklərinin təkamül variantının olduğunu qeyd etmişdir. Yenilənmiş avtomobilin ilin sonunda təqdim ediləcəyinə baxmayaraq, o ilk zamanlarda yeni mühərriklər ilə təklif olunmayacaqdırr.
Volkswagen şirkəti yeni mühərrikləri ancaq 2017-ci ilin əvvələrində yenilənmiş Golf modelinin güc aqreqatları siyahısına daxil etmək niyyətindədir. 1,5-litrlik benzin turbomühərriki 1,4-litrlik güc aqreqatını əvəz edəcək və silindirlərin müvəqqəti söndürlməsi sistemi, birbaşa çiləmə və yeni turbokompressorla təchiz ediləcəkdir. 1,5-litrlik dizel aqreqatı isə 1,6-litrlik TDİ mühərrikini əvəzləyəcəkdir.
Alman şirkətinin rəhbərinin bildirdiyinə görə, yeni mühərriklərin mövcud aqreqatlardan baha başa gəlməsinə baxmayaraq, onlar daha yüngül və qənaətcil olacaqdırlar. Bundan əlavə, mühərriklər tənzimlənmədən aslı olaraq müxtəlif güc göstəriciləri ilə təklif ediləcəkdirlər.
Alman şirkəti, bu mühərrikləri Volkswagen qrupuna daxil olan Audi, Seat və Şkoda kimi brendlərin avtomobillərinə də quraşdırmağı planlaşdırır.