Volvo avtomobil tarixində ən böyük və iddialı məhsul hücumuna hazırlaşır. İsveç markası 2030-cu ilin sonuna qədər 13 tamamilə yeni model təqdim etməyi planlaşdırır. Yeni modellər arasında həm elektrikli, həm də hibrid avtomobillər olacaq.

Şirkətin planına əsasən, yeni modellərdən yeddisi Avropa və Şimali Amerika da daxil olmaqla Qərb bazarlarına, digər altısı isə Çin bazarına yönələcək. Volvo bu avtomobilləriin mövcud modellərin sadəcə yenilənmiş versiyalarının deyil, tamamilə yeni məhsullar olacağını xüsusilə vurğulayır.

Volvo yalnız SUV-lərlə kifayətlənməyəcək

Yeni məhsul strategiyasının maraqlı tərəflərindən biri Volvo-nun yeni avtomobil seqmentlərinə müdaxiləyə hazırlaşmasıdır. Şirkət gələcək modellərin hamısının SUV olmayacağını açıqlayıb. Bu isə sedan və universal modellərin yenidən Volvo model cərgəsinə qayıtması ehtimalını artırır.

Marka 2027-ci ildə yeni dizayn dilini nümayiş etdirəcək konsept avtomobilini də göstərməyi planlaşdırır. Konseptin hazırlanmasına Volvo-nun yeni baş dizayneri Tomas Inqenlat rəhbərlik edəcək. O, yeddi il Polestar-ın baş direktoru vəzifəsində çalışdıqdan sonra Volvo-nun dizayn üzrə rəhbərliyinə qayıdıb.

Yeni platformalar və Geely ilə əməkdaşlıq

Qərb bazarları üçün nəzərdə tutulan yeni modellər Volvo-nun SPA2 və SPA3 platformalarından istifadə edəcək. EX90 və ES90 kimi modellərin əsasını SPA2, yeni EX60-ın isə SPA3 arxitekturası təşkil edir. Elektron sistemlərin idarə olunmasında HuginCore hesablama platformasından istifadə ediləcək.

Çin bazarı üçün hazırlanan avtomobillərdə isə Geely ilə birgə hazırlanmış platformalar və texnoloji həllər tətbiq olunacaq. Volvo eyni zamanda Geely Qrupunun müxtəlif markaları arasında komponentlərin ümumiləşdirilməsini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Şirkət bu göstəricini hazırkı 10 faizdən 2030-cu ilə qədər 30 faizə çatdırmağı planlaşdırır.

Elektrikləşmə ilə yanaşı yeni nəsil hibridlər

Volvo gələcək strategiyasını yalnız elektrikli avtomobillərlə məhdudlaşdırmır. Şirkət tam elektrikli avtomobilə keçməyə hazır olmayan müştərilər üçün üçüncü nəsil hibrid sistemlər də hazırlayacaq.

Bu yanaşma markanın daha geniş müştəri dairəsinə çatmaq və 2030-cu ilə qədər bazar payını ikiqat artırmaq planının əsas elementlərindən biridir. Volvo həmçinin avtomobilləri müntəzəm OTA proqram yeniləmələri ilə təkmilləşdirməyi, yeni avtomobil alma prosesini daha şəffaf və sadə etməyi planlaşdırır.

Volvo-nun prezidenti və baş direktoru Håkan Samuelsson bildirib ki, 2030-cu ildə markanın salonları bugünkündən xeyli fərqli görünəcək. Şirkət öz qarşısına premium avtomobil seqmentində lider mövqeyə yüksəlmək məqsədi qoyur.

Yeni məhsul strategiyası göstərir ki, Volvo qarşıdakı illərdə bir tərəfdən elektrikləşməni sürətləndirəcək, digər tərəfdən isə sedan və universal kimi ənənəvi kuzov tiplərinə qayıtmaq imkanını nəzərdən keçirəcək. Beləliklə, markanın gələcək model sırası indiki SUV ağırlıqlı struktura nisbətən daha müxtəlif ola bilər.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.