Bu günlərdə Volvo şrkəti maraqlı bir xəbər yaymışdır. İsveç şirkəti dünyada ilk dəfə olaraq açarsız avtomobillərin istehsal etmək niyyətində olduğunu bildirmişdir. Volvo artıq gələn ildən başlayaraq bu tip avtomobilləri təklif edəcəyini bildirmişdir Düzdür, bir çox avtomobil istehsalçısı artıq avtomobilə açarsız giriş və mühərriki düymə ilə işə salan Keyless-go sistemləri ilə təchiz edir. Lakin, avtomobilin kiçik ölçüdədə olsa belə, sahibinin daşımalı olduğu açarı mövcuddur.
Volvo mütəxəssisləri isə, fiziki olaraq açarı elektron açarla əvəz etməyi təklif edirlər. Belə ki, smartfona yazılmış xüsusi əlavə sayəsində heç bir açara ehtiyac qalmayacaqdır və avtomobilin sahibi asanlıqla nəqliyyat vasitəsindən istifadə edə biləcəkdir.
«Rəqəmsal açar» adlandırılmış əlavəni smartfona yükləyərək avtomobillə Bluetooth protokolu vasitəsi ilə əlaqə yaratmaq mümkün olacaqdır.
Misal üçün, virtual açar qapıları açıb-qapamaq, baqaj bölümünün qapağını açmaq, mühərriki işə salmaq kimi əməliyyatları həyata keçirməyə imkan yaradacaqdır.
Bundan əlavə, yeni texnologiya smartfona bir neçə «açarı» yükləməyə imkan yaradacaqdır ki, bu da avtomobillərin icarəsi yə ya karşerinq zamanı lazım olacaqdır. Misal üçün, müştəri qabaqcadan avtomobili ehtiyatda saxlayaraq ödəniş etdikdən sonra virtual açarı alır. Eyni zamanda smartfonun ekranında yaxınlıqdakı avtomobillər haqqında məlumat göstərilir.
Bundan başqa, avtomobilin sahibi virtual açarı digər şəxslərə də göndərə bilər ki, bu da onun qohum və ya dostlarına avtomobildən istifadə etmək imkanı yarada bilər.