Çindən Avropaya idxal edilən elektromobillərə tətbiq edilən rüsumların qalxmasından qorxan Volvo şirkəti iki krossoverin istehsalını Belçikanın Gent şəhərinə köçürmək qərarına gəlib. Söhbət, hazırda Çjanzyakou və Çendu şəhərlərindəki zavodlarda istehsal olunan subkompakt EX30 və flaqman EX90 modellərindən gedir. Bəzi məlumatlara görə, Volvo şirkəti bu addımı Çindəki aşağı satışlar və böyük Avropa bazarını itirmək istəmədiyi üçün atmalı olub. Axı, Köhnə Dünyada Volvo avtomobillərinə hələ də yaxşı tələbat var və elektromobil seqmentində isveçlilər ümumiyyətlə üçüncü yeri tuturlar.
Çin elektromobillərinə tətbiq edilən tarifləri hazırkı 10 faizdən 15-30 faizə qaldırılması planlaşdırılır. Bununla belə, analitiklər bu dəyişikliyin Avropa İttifaqı və Çində istehsal olunan avtomobillər arasında qiymət paritetinə nail olmaq üçün kifayət etməyəcəyindən əmindirlər. Bütün bunların məqsədi isə, məlumdur: tarifləri artırmaqla Avropa hökuməti “ədalətsiz ticarət praktikasına” son qoymaq istəyir. Söhbət, son qiyməti azaltmaq üçün Çin hökumətinin tədarük zəncirlərini subsidiyalaşdırmasından gedir. ABŞ da bənzər şəkildə hərəkət edir, lakin amerikalıların yanaşması daha sərtdir.
Amerikan istehsalçılarını qorumaq üçün, hökumət tarifləri birdən-birə 75 faiz - 25 faizdən 100 faizədək artırmaq niyyətindədir. Bundan əlavə, artıq bu il elektromobillər üçün idxal olunan litium-ion batareyalarına tətbiq edilən tariflər 7,5 faizdən 25 faizə, qrafit və bəzi kritik xammala görə isə, 0 faizdən 25 faizə qaldırılacaq. Çinin batareyaların tədarük zəncirinin müəyyən seqmentlərinin 80 faizindən çoxuna nəzarət etdiyi nəzərə alan ABŞ hökuməti öz sənaye bazasını yaratmaq niyyətindədir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.