Volvo S90 sedanının varisi olacaq ES90 elektrik sedanıdemək olar ki, seriya istehsalı üçün hazırdır və 2025-ci ilin martında bazara çıxmalıdır. Bu arada, İsveç brendi yeniliyin ilk videotizerini dərc etməklə ictimaiyyətin diqqətini onun üzərinə çəkməyə çalışır. İsveç markasının ilk elektrik sedanı artıq istehsal edilən BMW i5, Mercedes-Benz EQE və Audi A6 e-tron modelləri ilə rəqabət aparacaq.
Tizerdə göstərilən fraqmentlərə əsasən, ES90 yanacaqlı S90 sedanına bənzəyəcək, həmçinin Volvo markasının indiki elektromobillərindən - EX30 və EX90 modellərindən üslub elementlərini götürəcək. Flaqman ana Geely konserni ilə birlikdə hazırlanmış və artıq qeyd olunan EX90 krossoverinin əsasını təşkil edən Volvo SPA2 (Scalable Product Architecture) modul platformasını alacaq.
İlkin məlumatlara görə, avtomobilin uzunluğu 4,99 metr, eni - 1,94 metr, hündürlüyü - 1,54 metr, təkər bazası isə, 3,1 metrdən çox olacaq. Volvo ES90 sedanının texniki komponentləri EX90 krossoveri ilə bölüşəcəyi gözlənilir. Bu isə, 111 kilovat-saatlıq batareya, 279-dan 517 at qüvvəsinə qədər gücü olan qurğular deməkdir. Ötürmə - arxa və ya bütün təkərlərə olacaq.
Sedanın bazara çıxışı gələn ilin yazına planlaşdırılıb. Çox güman ki, Volvo ES90 sedanının istehsal Çində yerləşdiriləcək.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.