Yığcam Volvo EX30 elektrik krossoveri özünün bazar karyerasına parlaq şəkildə başlayıb: o, Avropa bazarına cəmi bir il əvvəl çıxıb və qısa müddət ərzində bu bazarda ən çox satılan üç elektromobilindən birinə çevrilib! JATO agentliyinin məlumatına görə, 2024-cü ildə Köhnə Dünyada yığcam krossover 78 min nüsxəlik tirajla satılıb və yalnız iki Tesla elektrokarından geridə qalıb - Model Y (209 min) və Model 3 (113 min).

Özü də, Avropa İttifaqının Çin avtomobillərinə qarşı tətbiq etdiyi rüsumlara baxmayaraq... Məlum olduğu kimi, Volvo EX30 modeli hazırda yalnız Çində istehsal olunur, lakin artıq Belçikadakı Volvo zavodunda onun istehsalına hazırlıqlar gedir.

Cross Country versiyasına gəlincə, onun buraxılacağı barədə elan modelin 2023-cü ildəki debütü zamanı verilmişdi. Yolsuzluq versiyasının 2024-cü ildə, yəni baza modelindən dərhal sonra bazara çıxaracaqlarına söz versələr də, Volvo EX30 Cross Country modelinin seriya versiyası yalnız indi nümayiş etdirilib. Üstəlik, ilk dəfədir ki, Volvo minik avtomobilinin deyil, krossoverin “bütün yollar” üçün versiyasını hazırlayıb.

Cross Country variantı əsas modeldən ön və arxadakı qara örtmələr ilə fərqlənir, əlavə olaraq, ön tərəfdəki “radiator barmaqlığında” Arktikadakı Kebnekayse dağının topoqrafik relyefi və koordinatları həkk olunub. Bamperlər əsl güc müdafiəsini təqlid edən gümüşü əlavələri alıblar. 

Görünüşü təkər tağlarının qara plastikdən genişləndiriciləri, qara rəngli 19-düymlük təkər diskləri və yüksək profilli şinlər  tamamlayırlar. Krossoverin klirensi 171-dən 190 millimetrə qədər artırılıb. Təqdimat şəkillərindəki avtomobildə quraşdırılmış ekspedisiya baqajı üçün əlavə pul ödəmək gərəkdir.

Cross Country versiyasının interyeri standart elektromobilin salonundan yalnız oturacaqların başqa üzlükləri ilə fərqlənir. Krossoverin interyeri daha praktik alınıb. Məsələn, qapı ciblərinin tutumunu artırmaq üçün, audiosistemin dinamikləri ön paneldə yerləşdirılıblər. 

Əlcək qutusu mərkəzi konsolda yerləşir ki, bu da ona həm sürücüyə, həm də sərnişinə rahat girişi təmin edir. Mərkəzi boksun ön tərəfində yığıla bilən stəkan tutacağı, arxa tərəfində isə, zibil qutusu var.

Volvo EX30 Cross Country yalnız ikimühərrikli tamötürməli versiyada təklif olunur. Güc qurğusunun hasilatı adi Performance top versiyasındakı ilə eynidir: 428 at qüvvəsi və 543 Nm. Effektiv tutumu 65 kilovat/saat olan dartma batareyası da saxlanılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin yolsuzluq təkmilləşdirmələri istənilən halda dinamik xüsusiyyətlərə təsir göstərib: 100 km/saata sürətlənmə müddəti 3,6-dan 3,7 saniyəyə qədər artıb, dolu batareya ilə yürüş məsafəsi 450-dən 427 kilometrə qədər azalıb. Sürətli terminala qoşularaq batareyanın 10-dan 80 faizə qədər doldurulması üçün 26 dəqiqə kifayətdir.

Volvo EX30 Cross Country elektromobilini artıq Avropada sifariş etmək mümkündür və bu versiya “otuz” ailəsindəki ən bahalı avtomobildir. Məsələn, Almaniyada onun qiyməti 57 290 avrodan başlayır: yəni o, ən yüksək Ultra təchizatına malik olan ikimühərrikli EX30 Performance modelindən 2000 avro bahadır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.