Volvo markasının miniven buraxacağı haqqında şayiələr hələ keçən əsrin 90-cı illərində peyda olmuşdu, lakin sonra İsveç istehsalçısı belə bir avtomobil buraxmağa cəsarət etmədi. Lakin çinlilərin himayəsi altına keçdikdən sonra, isveçlilər öz arzularını yerinə yetirə bildilər.

Səbəb məlumdur – Çində böyük və yaxşı təchiz olunmuş minivenlər iş adamları və korporativ parklar arasında böyük tələbata malikdir. Məsələn, Buick GL8 miniveni Səma İmperiyasında ildə 150-170 min nüsxədə satılır. Lexus markası da məhz Çin üçün dəbdəbəli miniveni istehsal edir, yerli markalar isə, son üç ildə bu sahədə güclü irəliləyiş göstərirlər. Əlbəttə ki, Volvo belə bir gəlirli seqmentdən yararlanmağa qərar verib.

Bununla belə, ən yeni Volvo EM90 miniveni heç də orijinal İsveç modeli deyil. Qarşımızda üzü dəyişdirilmiş Zeekr 009 miniveni dayanıb: SEA modul platformasında inşa edilmiş bu miniveni Geely holdinqi bir il bundan əvvəl təqdim edib və o artıq Çin bazarında satılır.

Volvo EM90 eyni kuzova və oxşar təkər bazasına (3205 millimetr) malikdir və Zeekr minivenindən yalnız ön və arxa tərəfin dizaynı ilə fərqlənir: “Thor çəkici” olan ön fənərlər və şaquli arxa işıq texnikası Volvo brendinin korporativ dizayn üslubunda hazırlanıb. 

Bu, ümumi ölçülərə demək olar ki, heç bir təsir göstərməyib: Volvo miniveninin uzunluğu 5206 millimetr, eni - 2024 millimetr, hündürlüyü isə 1859 millimetrdir. Bütün qapı girişləri, eləcə də damdakı şüşə bölmələrin həndəsəsi qorunub saxlanılır. Aerodinamik müqavimət əmsalı orijinal Zeekr (0.27) ilə eynidir.

İnteryer də üslub dəyişikliklərinə məruz qalıb: Volvo EM90 özünəməxsus ön paneli, sükanı və dekoru alıb, cihazlar paneli isə günəşliyini itirib, lakin ümumi arxitektura və müxtəlif elementlərin yerləşməsi donordan miras qalıb. Media sisteminin 15,4 düymlük displeyinin qrafikası  korporativ üslub nəzərə alınmaqla yenidən işlənib.

Salonda Zeekr 009 minivenində olduğu kimi,  üç oturacaq cərgəsi var və həm ikinci, həm də üçüncü cərgə iki sərnişin üçün nəzərdə tutulub. İkinci sıranın oturacaqlarında elektrik ötürməsi, qızdırılma və havalandırma fuksiyası, habelə qatlanan masalar var.

Sürüşərək açılan qapıların servo ötürməsini və klimat-kontrolu idarə etmək üçün sensorlar donordan fərqli dizayna malik olsalar da, onlar da Çin minivenindəki kimi qapı kartlarına quraşdırılıblar. 

İki minivenin ortaq cəhəti tavana quraşdırılmış 15,6 düymlük qatlanan ekrandır. 21 dinamilki Bowers & Wilkins səs sistemi də mövcuddur. Baqajın həcmi üçüncü cərgənin arxasında 342 litr, ikinci və üçüncü sıra oturacaqların qatlanması halda isə 1826 litr təşkil edir.

Zeekr 009 kimi, Volvo miniveni də pnevmatik asqıya, adaptiv kruiz-kontrola və avtopilotun əsas elementlərinə malikdir. İki miniven arasındakı əsas fərq elektrotexnikadadır. Əgər Zeekr 009 ikimühərriklə təmin (544 at qüvvəsi, 686 Nm) tam ötürməyə və iki dartma batareyasına (116 və ya 140 kilovat/saat) malikdirsə, Volvo EM90 yalnız bir elektrik mühərriki (272 at qüvvəsi, 343 Nm), arxa ötürmə və 116 kilovat/saatlıq baza batareyası ilə təchiz edilir. Yeri gəlmişkən, Volvo öz elektromobillərini bir il əvvəl ön ötürmədən arxa ötürməyə keçirməyə başlayıb.

Məlum məsələdir ki, İsveç minivenindən qasırğa dinamikasını gözləmək lazım deyil: Zeekr 100 km/saata 4,5 saniyəyə sürətlənirsə, Volvo bu işə demək olar ki, iki dəfə çox - 8,3 saniyə sərf edir. Bütün müasir Volvo modellərində olduğu kimi, maksimal sürət 180 km/saat həddində məhdudlaşdırılıb.

Boş çəkisi 2763 kiloqram olan miniven Çinin CLTC dövrünə uyğun olaraq dolu batareya ilə 738 kilometr yol qət edə biləcək. Müqayisə üçün, böyük 140 kilovat/saatlıq batareyaya malik olan tamötürməli Zeekr 009 miniveninin yürüş ehtiyatı 822 kilometrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Belə bir xüsusiyyət fərqinə malik olan Volvo EM90 miniveni Zeekr modelindən daha ucuz olmalıdır, lakin Geely marketoloqları cəld tərpənərək tarixi Avropa markası üçün sanballı əlavə ödəniş tələb ediblər. Çində Zeekr 009 modelinin qiyməti 499-588 min yuan (68-81 min dollar) təşkil edirsə, Volvo EM90 üçün onlar 818 min yuan (112 min dollar) istəyirlər!

Hər iki model Çindəki Geely zavodunda, eyni konveyerdə istehsal olunacaqlar. Volvo EM90 üçün əsas bazar Çin olacaq. Onun yalnız Cənub-Şərqi Asiya ölkələrinə ixrac ediləcəyi bildirilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.