Volvo şirkəti EM90 adlı elektrik minivenini videoçarxda nümayiş etdirib. İsveçlilər gələcək yeniliyi Skandinaviya üslublunda olan rahat qonaq otağı ilə müqayisə edirlər. Burada ailə və dostlarla vaxt keçirmək, çətin iş günündən sonra dincəlmək, yaradıcılıq və ya işlə məşğul olmaq mümkündür. Volvo EM90 miniveninin təqdimatı noyabr ayının ortalarında baş tutacaq, ilin sonuna qədər isə, yeni model Çin bazarında satışa çıxarılacaqdır. Şayiələrə görə, modelin ən yaxın qohumu Çinin Zeekr 009 miniveni olmalıdır.

Volvo brendinin ilk elektrik miniveni noyabrın 12-də təqdim ediləcək və eyni vaxtda şirkət Çində ilkin sifarişləri qəbul etməyə başlayacaqdır. Burada yenə də üçüncü fəza deyilən anlayış ortaya çıxır. Avtomobil təkcə A nöqtəsindən B nöqtəsinə hərəkət vasitəsi deyil, həm də ünsiyyət, istirahət, iş və yaradıcılıq yeridir. İsveçlilər, hətta EM90 minivenini tipik Skandinaviya üslubunda tərtib ediləcək rahat qonaq otağı ilə müqayisə edirlər.

Qeyri-rəsmi məlumatlara görə, Volvo elektrik miniveni Zeekr 009 modelinin əsaslandığı SEA1 platformasında inşa ediləcək. Hər iki minivenin elektrik güc qurğusu da ümumi olmalıdır. Xatırladaq ki, Zeekr miniveninin top versiyası ikimühərrikli (544 at qüvvəsi, 686 Nm) güc qurğusuna, 140 kilovat-saat tutumlu CATL Qilin batareyasına malikdir. Yerli CLTC ölçmə dövrünə görə, Çin miniveninin qət etdiyi məsafə 822 kilometrdir. Batareyanın 10 faizdən 80 faizə qədər doldurulması 28 dəqiqə çəkir.

Volvo, həmçinin ölçülərinə görə daxili yanma mühərrikli V60 modeli ilə müqayisə oluna bilən elektrik universalını buraxmağı düşünür. Lakin bununla bağlı yekun qərar hələlik verilməyib. Bu qərarın qəbul edilməsini yavaşladan amil belə avtomobillərə olan tələbatın azalması ilə bağlıdır. Hətta universallar üçün əsas bazar sayılan Avropada belə, satışlar azalmağa davam edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.