Volvo P1800 kupesi və üçqapılı universalı 1961-1973-cü illər arasında istehsal ediliblər. Lakin, bu günə qədər bu modellərin birbaşa varisi olmayıb. Bununla belə, vaxtı ilə P1800 modellərinin bəzi xarakterik dizayn elementlərindən 480 və C30 modellərində istifadə edilib.
Ən maraqlısı odur ki, gələn il P1800 kupesi altmışıncı ildönümünü qeyd edəcəkdir və deyəsən, Volvo şirkəti bu əlamətdar hadisənin şərəfinə xüsusi model hazırlayır. Buna, bu yaxınlarda, Göteborq şəhərinin yaxınlığında casusların rast gəldiyi qeyri-adi prototip dəlalət edir. Güclü kamuflyaja malik olan kupe klassik üslubda dizyna malik olan kuzovu ilə diqqəti çəkir.
Ancaq, tanınan profilə malik olmasına baxmayaraq, prototip orijinal modeldən bəzi elementləri ilə fərqlənir. İlk diqqəti çəkən genişləndirilmiş təkər tağları və iri ölçülü təkər diskləridir (Volvo P1800 modeli standart polad disklərə və ensiz şinlərə malik idi). Bundan başqa, yeni bamperlər və ön spoyler da mövcuddur. Səsboğucu sistemin çıxış borularının olmaması, prototipin elektrik ötürməsi hərəkətə gəldiyinə işarə edir.
Təəssüf ki, hələlik sirli prototip barədə heç bir məlumat yoxdur. Məntiqlə, prototipin elektrik hissəsinin Polestar markasının modellərindən birindən götürüləcəyini ehtimal etmək olar. Volvo P1800 modelinin ildönümünün qeyd etmək üçün İsveç istehsalçısının məhdud tirajlı seriyadan ibarət olan avtomobilləri buraxacağı da istisna olunmur. Bununla belə, şirkətin bu məsələni yeganə nüsxənin inşası ilə məhdudlaşdıracağı ehtimalı da yüksəkdir.