Volvo elektromobilləri Tesla Supercharger terminallarına qoşulmaq üçün adapter ilə təchiz ediləcəklər. İsveç avtomobil istehsalçısı dərc etdiyi rəsmi açıqlamasında, Tesla şirkətinin NACS (North American Charging Standard) şarj standartına keçmək üçün müqavilə bağlayan ilk Avropa şirkəti olduğunu bildirib.

Artıq gələn ilin birinci yarısından etibarən Volvo elektromobilləri Tesla Supercharger terminallarında enerji doldurmağa imkan verən xüsusi adapter ilə təchiz olunacaqlar.

Hazırda Volvo markasının model xəttində dörd elektrokar var - C40 Recharge, C40 Recharge, EX90 və yeni EX30. Gələn ildən başlayaraq, bu elektromobillər NACS standartının adapterini aldıqdan sonra, ABŞ, Kanada və Meksikada yerləşən 12 mindən çox Tesla Supercharger terminallarında enerji ilə doldurula biləcəklər. Yükləmələr Volvo firma tətbiqində də göstəriləcəklər.

Daha sonra, 2025-ci ildə, Volvo əvvəlcədən Tesla konnektoru ilə təchiz ediləcək elektromobillərin istehsalına başlayacaqdır. Eyni zamanda, onları CCS terminallarından doldurmaq da mümkün olacaqdır - çatdırılma dəstinə müvafiq adapter daxil ediləcəkdir.

Beləliklə, Volvo NACS standartına keçməyə razılıq verən avtomobil istehsalçılarının siyahısını genişləndirib. Artıq bu siyahıda Ford, General Motors konsernləri, Rivian və Aptera startapları var. NACS standartına keçid imkanını Jeep, Dodge, Ram, Maserati və digər markalara sahib olan Stellantis konserni də nəzərdən keçirir.

Ola bilsin ki, gələcəkdə avtomobil sənayesinin ən böyük oyunçularının atacağı belə addımlar digər standartların - Avropadakı CCS və köhnəlmiş yapon CHAdeMO konnektorlarının yox olmasına gətirib çıxarsın.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.