Volvo şirkəti V90 Cross Country modelinin Volvo Ocean Race reqatasına həsr etdiyi modifikasiyasını təqdim edib. Üç min ədədlik məhdud sayda istehsal ediləcək modelin satışlarından əldə edilən gəlirlərin bir hissəsi okeanın çirklənməsi ilə mübarizəyə sərf ediləcəkdir.
Xüsusi modifikasiyanı ağ rəngli kuzovu, tutqun boz və narıncı rəngli elementləri, həmçinin xüsusi dizayna malik olan təkər diskləri sayəsində tanımaq mümkün olacaqdır. Volvo V90 Cross Country Ocean Race modelinin salonunun tərtibatında, dənizin dibindən qaldırılmış balıqçı torlarının yenidən emalından əldə edilən «ekonil» materialından istifadə olunacaqdır.
Volvo V90 Cross Country Ocean Race modelinin 30 ölkədə satılacağı söylənilir. Volvo Ocean Race proqramının həyata keçirilməsi üçün, hər avtomobilin satışından 100 avro köçürülməsi nəzərdə tutulub.
İanələrin ümumi məbləği 300 min avro təşkil edəcəkdir.
Elmi proqram çərçivəsində təşkil edilmiş reqatada iştirak edən bütün yaxtalar xüsusi vericilər dəsti ilə təchiz ediləcəkdirlər. Bu vericilər vasitəsi ilə temperatur, atmosfer təzyiqi, su axınının və küləyin sürəti haqqında məlumat toplanacaqdır.
Bundan başqa, sudakı duzun, həll olunan CO2, mikroplastikin və yosunların miqdarı barədə məlumat yığılacaqdır. Tədqiqatlar hava proqnozunun dəqiqliyini yüksəltməyə və okeanın çirklənməsi səviyyəsini öyrənməyə kömək edəcəkdir.