Polestar bölməsi uzun müddətdir ki, Volvo ana şirkətindən ayrılıb və Çinin Geely konserninin qanadı altında müstəqil elektromobil istehsalçısına çevrilib. Lakin Polestar Engineered brendindən hələ də təkmilləşdirilmiş Volvo avtomobilləri üçün istifadə olunur - bu, adi hibrid modellərinə bir qədər idman xarakteri bəxş edən zavod tüninq paketinin adıdır. İndi isə, Volvo məhdud tirajlı seriyaları buraxmaqla belə versiyaları xatırlatmaq qərarına gəlib.
Polestar Engineered nişanlarını almış hər iki model T8 AWD plagin hibrid versiyalarına əsaslanır. Güc qurğusu tamamilə standartdır: 2,0-litrlik benzin turbomühərriki (310 at qüvvəsi, 400 Nm) səkkiz pilləli avtomatik transmissiya vasitəsilə ön təkərləri hərəkətə gətirir, arxa oxda isə, ayrıca elektrik mühərriki (145 at qüvvəsi, 309 Nm) quraşdırılıb.
Sistemin maksimal gücü - 455 at qüvvəsidir. Bu, sedana 100 km/saat həddinə 4,6 saniyəyə, daha ağır krossoverə isə, 4,9 saniyəyə sürətlənməyə imkan verir. Polestar firma təkmilləşdirmələri isə, ön oxda quraşdırılmış qızılı rəngli altı porşenli supportları olan Akebono (XC60) və ya Brembo (S60) əyləcləri, tənzimlənən Öhlins amortizatorları və kuzovun əlavə gücləniriciləridir.
Yeni xüsusi versiyaların əsas xarici fərqi tutqun 3M təbəqəsi ilə örtülmüş kuzovdur. Üstəlik, örtük hər bir kuzov hissəsinə ayrıca yapışdırılır. Seçmək üçün iki rəng var - gümüş və ya mavi. Sedanda standart 19-düymlük, krossoverdə isə, 21-düymlük disklərin əvəzinə 22 düymlük disklər quraşdırılır. Salonda qızılı rəngli təhlükəsizlik kəmərləri peyda olub, sedanın təchizatına qabaqcıl Harman/Kardon, krossoverin isə, Bowers & Wilkins səs sistemi daxildir.
Volvo XC60 və S60 Polestar Engineered xüsusi versiyaları yalnız Almaniya üçün nəzərdə tutulub. Burada versiyaların qiyməti müvafiq olaraq, 80 500 və 95 000 avrodan başlayır. Hər bir modeldən cəmi 60 ədəd istehsal olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.