Motor Trend agentliyinin verdiyi xəbərə görə, Volvo S60 modelinin yeni nəsli 2017 ilin sonunda və ya 2018-ci ilin əvvəlində təqdim edilməlidir. Model haqqında dəqiq məlumat olmasa da, onun zahiri görünüşünün S90 və XC90 modellərində tətbiq edilmiş dizayn üslubunda hazırlanacağı ehtimal olunur. Bu, yeni avtomobilin kuzovunun incə xəttlərinin və Torun çəkicinə oxşar işıqdiodlarından hazırlanmış fənərlərinin olacağından xəbər verir. Volvo North America şirkətinin rəhbəri Lex Kerssemakers Volvo S60 modelinin standart və uzun baza ilə təklif ediləcəyini təsdiq etmişdir. Onun sözlərinə görə, avtomobilin uzun bazali variantı ABŞ-da daha populyar olacaqdır. Kerssemakers’in fikrincə «Birləşmiş Ştatlarda heç kim əlavə məkandan imtina etməz».
Bundan əlavə, yeni nəsl Volvo S60 modeli indiki avtomobildən daha qabaqcıl olacaqdır. Misal üçün, ən bahalı variantın standart təchizatına S90 və XC90 modellərindən tanış olan 9,3- düymlük sensor ekranı olan Sensus məlumat-əyləncə sistemi daxil olacaqdır.
Yeni avtomobilin güc aqreqatları çeşidinə gəldikdə isə, onun E-Drive ailəsindən olan 2,0-litrlik turbomühərriklərlə təchiz ediləcəyi və ən güclü variantın mühərrikinin 250 at qüvvəsinə malik olacağı güman edilir. Ehtimal olunur ki, Volvo S60 modelinin baza variantı üç silindirli mühərriklə də təchiz edilsin. Əlbəttə ki, hibrid güc aqreqatları ilə təchuz edilmiş avtomobillərin də təklif olunacağı istisna deyil.
Sürət aşiqləri, Volvo S60 modelinin Polestar tuninq atelyesi tərəfindən hazırlanmış, gücü 300 at qüvvəsindən çox olan turboüfürməli və kompressorlu dörd silindirli mühərriklə təchiz edilmiş «bərkgedən» variantını seçə biləcəklər.