İsveçin premium avtomobil istehsılçısı olan Volvo şirkəti, təqdimatı bir müddət əvvəl baş tutmuş S90 sedanının yeni görüntülərini yaymışdır. Bu dəfə istehsalçı əsas diqqəti avtomobilin iç məkanına yönəltmişdir. Çinin Geely şirkətinin sahib olduğu isveç şirkəti, yeni avtomobilin XC90 modelinə oxşayan interyer cizgilərini müasir skandinaviya dizayn məktəbinin yeni üslubu kimi qələmə verir. Həqiqətən, yeni sedanın cəlbedici zahiri görünüşü və zərif iç məkanı, onu orta ölçülü sedanlar seqmentində alman üçlüyünün layiqli rəqibinə çevirir.
Avtomobilin salonuna nəzər saldıqda, ilk növbədə, insanın nəzərini yüksək kefiyyətli dəri örtük, xalis taxtadan hazırlanmış işləmələr və mərkəzi konsolu bəzəyən toxunma ilə idarə edilən iri displey cəlb edir. Onu qeyd etmək lazımdır ki, şirkətin dizaynerlləri «isveç minimalizmini» avtomobilin iç məkanında da siraət etdirməyə nail olmuşdurlar. Buna misal, avtomobilin sistemlərinin idarə edilməsi üçün gərək olan düymələrin sayının minimuma endirilməsidir.
Volvo yeni nəsil S90 sendanını təqdim etsə də, avtomobilin daha əlverişli və praktik kuzova malik olan variantını - V90 universalını nümayiş etdirməmişdir. Çox güman ki, Volvo V90 modelini biz yanvar ayında baş tutacaq Detroyt avtomobil sərgisində görəcəyik. Bundan sonra, isveç şirkətinin yeni əldə etdiyi Polestar firması, yeni sedan və universalın bərkgedən variantlarını hazırlayıb təqdim edəcəkdir.