Keçən il Volvo Cars şirkətinin satışları 7% azalaraq 710.042 ədədə düşüb. Eyni zamanda, elektromobillərin satışları da 13% azalaraq 151.830 ədəd olub. Bu acınacaqlı statistikaya və sürətləndirilmiş elektromobillik strategiyasının yenidən nəzərdən keçirilməsinə baxmayaraq, Volvo, şübhəsiz ki, batareyalı avtomobillərdən tamamilə imtina etmək fikrində deyil.
Çünki istehsalçı bu sahəyə böyük sərmayə qoyub. İndi isə, İsveç şirkəti bu investisiyaların çoxdan gözlənilən nəticəsini - yeni nəsil elektromobili, orta ölçülü Volvo EX60 krossoverini təqdim edib.
Avtomobilin ön hissəsi müasir Volvo modelləri üslubundadır: stilizə edilmiş "Torun çəkici" şəklində olan faralar və bamperdə hava girişi olan qapalı ön hava yönləndiricisi. Arxa hissə də əvvəlki ideyaların təkamülünü təmsil edir, o daha künc-bucaqlı olub və daraldılmış arxa işıqlara malikdir.
Pəncərə xəttindəki ləçəklərə bənzəyən qapı tutacaqları həqiqətən də qeyri-adi görünürlər. Kuzovun aerodinamik cəhətdən dəqiq işlənməsi sayəsində Cx müqavimət əmsalı 0,26 bərabər olub. Yeni krossover üçün 20, 21 və ya 22 düymlük təkər diskləri təklif edilir.
Standart Volvo EX60 modelinin uzunluğu 4803, eni – 1899, hündürlüyü isə, 1639 millimetrdir. Təkər bazasının ölçüsü 2970, klirens isə, 182 millimetr təşkil edir. Eyni zamanda, fərqli kuzov dəsti sayəsində bir qədər uzun (4811 millimetr) olan Volvo EX60 Cross Country versiyası da təqdim edilib.
Bu versiyada həmçinin klirensi 194-234 millimetr arasında dəyişə bilən standart pnevmatik asqı da mövcuddur.
Volvo EX60 elektrik avtomobilinin salonunda ön şüşənin altında cihazlar panelinin kiçik 11,4 düymlük ekranı və firma HuginCore interfeysi tərəfindən idarə olunan məlumat-əyləncə sisteminin böyük 15,0 düymlük planşet var.
O, Android Automotive ƏS-ə əsaslanır və Gemini süni intellekti də daxil olmaqla, quraşdırılmış Google xidmətlərinə malikdir. Nvidia və Qualcomm şirkətlərinin elektronikasının istifadəsi sayəsində yüksək məhsuldarlıq və cəldlik vəd edilir.
Mənfi cəhət isə, demək olar ki, fiziki düymələrin və dəstəklərdən imtinadır – istisna sükan çarxıdır. Bununla belə, krossover standart olaraq 21 dinamikli qabaqcıl Bose audio sistemi ilə təchiz olunur, Dolby Atmos texnologiyasına və 28 dinamikə (dörd əsas baş dayaqlarına quraşdırılmışlar da daxil olmaqla) malik olan 1820 vattlıq Bowers & Wilkins sistemi isə, opsiyadər.
Ənənəvi mərkəzi tunelin yerinə, ön konsol da daxil olmaqla, stəkan tutacaqları və saxlanc qabları quraşdırılmış dirsəkaltı-qutu da var. Uzun təkər bazası və rəvan döşəmə sayəsində arxa oturacaqlarda və baqajda əlavə yer vəd edir. Baqajın standart həcmi 634 litrdir, arxa oturacaqlar qatlandıqda isə, bu həcm 1647 litrə qədər artır. 85 litrə qədər tutumu olan ön baqaj da mövcuddur.
Volvo EX60 krossoveri, yalnız elektromobillər üçün hazırlanmış 800 voltluq arxitekturaya malik olan ən yeni SPA3 platformasında inşa edilib. Kuzovun gwc strukturu yüksək möhkəmlikli borlu poladdan istifadə edilərək hazırlanıb ki, bu da adaptiv təhlükəsizlik kəmərləri ilə birlikdə ən yüksək səviyyədə passiv təhlükəsizliyi təmin edir.
Bundan başqa, kuzovun konstruksiyasında böyük elementləri yüksək təzyiq altında tökmə texnologiyası ilə hazırlanmış alüminium komponentlərdən istifadə olunur.
Bu, çəkini azaltmaqla yanaşı, kuzovun sərtliyini artırır. Cell-to-Body texnologiyası da (batareyanın korpusunun kuzovun güc çərçivəsinə inteqrasiyası) çəkini azaltmağa kömək edir. Şassi iki köndələn qollu ön və çoxqollu arxa asqıya malikdir.
Giriş səviyyəli versiyalar standart yaylı asqı ilə təchiz olunurlar, daha yüksək səviyyəli modellər isə, adaptiv amortizatorları olan aktiv asqıya malikdirlər.
Elektrokarın baza versiyası Volvo EX60 P6 adlanır. O, arxa oxda 374 at qüvvəsi və 480 Nm hasil edən yeganə elektrik mühərriki ilə təchiz olunur. 0-dan 100 km/saata qədər sürətlənmə 5,9 saniyə çəkir.
Faydalı tutumu 80 kilovat/saat olan dartma batareyası WLTP dövrünə uyğun olaraq 620 kilometrlik gediş məsafəsini təmin edir. Maksimum şarj gücü 320 kilovatdır. 10 dəqiqə ərzində 305 kilometrlik gediş ehtiyatını bərpa etmək olar.
Orta təchizatlı EX60 P10 AWD versiyası iki mühərrikli tam ötürmə sisteminə (510 at qüvvəsi, 710 Nm) malikdir ki, bu da 0-dan 100 km/saata 4,6 saniyəyə sürətlənməyə imkan verir. Batareyanın tutumu 91 kilovat/saat, maksimal gediş məsafəsi isə, 660 kilometrdir.
Şarj gücü 370 kilovatdır və bu da 10 dəqiqə ərzində 325 kilometrlik gediş ehtiyatını bərpa etməyə imkan verir. EX60 Cross Country modifikasiyası məhz P10 AWD versiyasına əsaslanır. Bununla belə, o, sürətlənmə (4,7 saniyə) və məsafə (640 kilometr) cəhətdən adi Volvo EX60 P10 AWD versiyadan geri qalır.
Nəhayət, çeşidin zirvəsində EX60 P12 AWD versiyası dayanır. Onun iki mühərrikli tam ötürmə sistemi 680 at qüvvəsi və 790 Nm fırlanma anı hasil edir ki, bu da 100 km/saata 3,9 saniyəyə sürətlənməyə imkan verir. 112 kilovat/saatlıq batareya 810 kilometrlik gediş məsafəsini təmin edir.
Onun maksimum şarj gücü də 370 kilovatdır. 10 dəqiqəyə 340 kilometrlik gediş ehtiyatını bərpa etmək mümkündür. Bütün versiyaların maksimal sürəti saatda 180 km/saat həddində məhdudlaşdırılıb.
Təchizat səviyyəsindən asılı olaraq, elektromobillərin çəkisi 2115 ilə 2330 kiloqram arasında dəyişir. Giriş səviyyəli versiya iki tona qədər, tam ötürməli versiya isə, 2,4 tona qədər çəkisi olan qoşquları yedəyə ala bilər.
Avropada yeni Volvo EX60 krossoverinə əvvəlcədən sifarişlərinə start verilib. Yenilik ABŞ bazarında yazın sonlarında satışa çıxmalıdır. Almaniyada Volvo EX60 P6 krossoverinin qiyməti 63.000 avrodan başlayır, tamötürməli EX60 P10 üçün isə, əlavə 3.000 avro tələb olunur.
Tamötürməli EX60 P12 top versiyası üçün isə, artıq əlavə 9.000 avro ödəmək gərərk olacaq.
EX60 Cross Country versiyasının qiymətinin 69.000 avrodan başlayacağı məlumdur, lakin onun yalnız gələn il satışa çıxacağı gözlənilir. Elektrokrossoverin standart versiyalarının istehsalına bu yaz Volvo şirkətinin İsveçdəki zavodunda başlanacaq. Əmtəə avtomobillərinin müştərilərə çatdırılmasına isə, yay aylarında start veriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









